Ümumi orta təhsil bazasında kolleclərə qəbul müsabiqəsinin nəticələri elan olunub

media-ads_728_90

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.

“TV1” xəbər verir ki, DİM-dən verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız “my.gov.az” portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə “mygov ID” (vahid giriş sistemi) vasitəsilə “my.gov.az” portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

media-ads_728_90
Paylaş