Vətəndaşlarımızın İrandan təxliyəsində dəstəyə görə Azərbaycana minnətdarıq - ABŞ-ın Müvəqqəti işlər vəkili
“ABŞ vətəndaşlarının İrandan təhlükəsiz şəkildə təxliyəsində göstərdiyi köməyə görə, Azərbaycana təşəkkürümüzü bildiririk”.
“TV1” xəbər verir ki, bunu ABŞ-ın Müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycandakı diplomatik missiyasını başa vurması ilə bağlı Azərbaycan dilində etdiyi videomüraciətində bildirib.
Videomüraciət ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi “X” səhifəsində dərc olunub.
Səfirliyin məlumatına görə, Qevara “3 il ərzində o, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına əhəmiyyətli töhfə verib, ABŞ-ın nailiyyətlərini uğurla təqdim edib və ölkə boyunca insanlarla səmimi, etibarlı münasibətlər qurub. Azərbaycanda çalışarkən o, çoxsaylı unudulmaz anlar yaşayıb”.
“Regionda son hadisələr bizim ikitərəfli əməkdaşlığımızın faydalarını bir daha göstərdi. Nümunə olaraq, Amerika vətəndaşlarının İrandan təhlükəsiz şəkildə təxliyəsində göstərdiyi köməyə görə, Azərbaycana təşəkkürümüzü bildiririk. Bu üç il mənim üçün unudulmaz oldu. Ölkə üzrə səfərlərimdən, rəsmi görüşlərdən və qonşuluğumdakı gündəlik anlarda xoş xatirələr qaldı. Qurduğum bütün əlaqələrə görə minnətdaram. Azərbaycanda insanların mehribanlığı, zəngin mədəniyyəti və əlbəttə ki, dadlı yeməkləri üçün çox darıxacağam”,- deyə Qevara bildirib.