Vladimir Putinin 18 avqust 2024-cü il tarixli səfərinə sözardı…

media-ads_728_90

Faiq Hüsiyev Əməkdar jurnalist

İki il öncə, yəni 2024-cü ilin 18 avqust tarixində Rusiya prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri etmişdi. Bazar günü, axşam saatlarında Bakıya eniş edən prezident Putin ənənəvi olaraq Prezident İlham Əliyev tərəfindən qonaqpərvərliklə qarşılanmışdı.

6 ildən sonra reallaşmış bu səfər həm də Ukraynaya qarşı döyüşlərin getdiyi bir vaxtda baş tutmuşdu.
Səfər zamanı Azərbaycan və Rusiya arasında iqtisadi və strateji əməkdaşlığın inkişafı, eləcə də aktual beynəlxalq və regional problemlər, həmçinin, Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilmişdi. Dövlətlərarası 3 razılaşma və 3 memarandum imzalanmışdı.

Bu səfərdən 4 ay sonra 2024-cü ilin dekabrında “Azal” şirkətinə məxsus sərnişin təyyarəsinin Rusiya səmasında vurulması strateji zəmində inkişaf edən ikitərəfli münasibətlərə əsaslı zərbə vurmuşdu. Bu yerdə bir məqamı xatırlatmaq lazımdır. 2022-ci ilin 22 fevralında Moskvada Prezident Vladimir Putin və Prezident İlham Əliyev “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalamışdılar. Məntiqlə dövlətlərarası münasibətlər də yüksələn xətlə inkişaf edirdi.

Amma görünən odur ki, Rusiya daxilindəki bəzi imperiyapərəst qüvvələrin bərabərhüquqlu münasibətlərdə heç bir marağı yoxdur. Postsovet məkanına öz ənənəvi maraq dairəsi kimi yanaşan belə məmurlar SSRİ dağıldıqdan sonra müttəfiq respublikaların müstəqil siyasətinə və suveren davranışlarına qısqanclıqla yanaşır, sərbəst hərəkətlərin yolverilməz olduğunu düşünürlər.

Rusiya ilə Azərbaycan arasında münasibətləri gərginləşdirən məlum təyyarə qəzasından sonra öz günahına biganə yanaşan qonşu dövlətin media resursları ölkəmizə qarşı əsassız məlumatları tirajlamaqla hər şeyi alt-üst etməyə başladılar. Necə deyərlər: “Oğru elə bağırdı ki, doğrunun bağrı partladı! Hələ bu azmış kimi Rusiya ərazisində yaşayan fəal soydaşlarımız yüz bir bəhanə ilə işgəncələrə məruz qaldı. Xalqlararası münasibətlərə töhfə vermiş diaspor fəalları yay fəsli boyunca əsassız yerə həbs olundular, bəzilərinin isə vətəndaşlığı ləğv edildi. Təəssüflər olsun ki, proses bu gün də davam etməkdədir. Bu yöndə xoşagəlməz nümunələr çoxdur. Qonşu dövlətin hüquq-mühafizə orqanları hansı məntiq və hansı strateji ağılla hərəkət ediblər, bilən yoxdur. Məşhur rus şairi Tyütçev demişkən «Умом Россию не поять». Yəni, ağılla Rusiyanı dərk etmək mümkün deyil….

2025-ci ilin payızınadək davam etmiş böhranlı münasibətlər Prezident Vladimir Putin və Prezident İlham Əliyevin oktyabr ayında Düşənbə şəhərindəki görüşündən sonra stabilləşməyə doğru yol almışdı. Həmin vaxt Rusiya tərəfi təyyarəmizin vurulmasında öz məsuliyyətini etiraf etmişdi. Amma görünən odur ki, bəzi ambisiyalı qüvvələr belə münasibətlər sistemində özlərinə rahatlıq tapa bilmirlər.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun bizim konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə bağlı üç nəfər Rusiya vətəndaşına qarşı başlanmış cinayət işi üzrə ibtidai istintaqı davam etdirməsi bunu bir daha təsdiqləyir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, istintaq zamanı müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin 13 avqust 2026-cı il tarixdə həmin adıçəkilən şəxslərin kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmələrinə dair qərarlar qəbul edilib.

Həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışın təşkili istiqamətində zəruri tədbirlər görülüb.

Beləliklə, stabil münasibətlərə zərbə vurmağa çalışan hər kəs qanun qarşısında cavab verməlidir. Ölkələrimiz arasındakı münasibətlərə sərinlik ab-havası gətirənlər yəgin ki, dərin təfəkkürə malik deyillər. Belə təfəkkürlü ekspertlər ən azından bu ilin iyul ayında bizim Xarici işlər naziri Ceyhun Bayramovun Moskvada həmkarı Sergey Lavrovla görüşünün nəticələrinə istinad edə bilərdilər. Siyasi-iqtisadi müzakirələr fonunda mədəni-humanitar əlaqələrə də geniş diqqət ayrılması yeni reallıqlar fonundakı perspektivlərdən xəbər verir. Çünki bizim üçün ən əsas məsələ bölgəmizdəki sülh və əmin-amanlığı təmin etməklə, quruculuq və mehriban qonşuluq siyasətinə sadiq qalmaqdır.

İllərlə formalaşmış münasibətlərə xələl gətirmək xalqların xeyrinə deyil. Odur ki, dost-dosta tən gərək, tən olmasa gen gəzmək ən asan məqamdır. Qoy həmişə məqamımız uca olsun!

media-ads_728_90
Paylaş