media-1200x100

Xankəndidə illər sonra ilk toy mərasimi olub

media-ads_728_90

Xankəndi şəhərində uzun illərdən sonra ilk dəfə toy mərasimi təşkil olunub.

“TV1” xəbər verir ki, Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər. Onların ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.

Gəlinlə bəy “Qarabağ şikəstəsi” sədası altında şadlıq sarayına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi anılıb.

Çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər.

Valideynlər bu xoş gündə sevinc hisslərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər. Bəyin atası Kərim Kərimli deyib: “Şuşa da, Xankəndi də bizim üçün əzizdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin igidliyi, qazilərimizin rəşadəti, Azərbaycan xalqının birliyi sayəsində Xankəndini işğaldan azad etdik. Xankəndinin son 35 illik tarixində ilk dəfə olaraq toy edirik. Azərbaycan xalqına həmişə toy-bayram arzulayıram”.

Bəyin anası Vəsilə Kərimli də xoş arzularını dilə gətirib: “Allah hamıya belə toy nəsib eləsin. Şükür bu günümüzə. Şükür ki, Qarabağımızda, Xankəndidə belə gözəl toy məclisi qurulub”.

Toyu olan Fərhad Kərimli şad gününün Xankəndidə keçirildiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirib: “Mən əslən Şuşadanam. Ailəmiz may ayında doğma şəhərimiz Şuşaya köçüb. Arzu edirdim ki, toyum işğaldan azad edilmiş torpaqlarda olsun. Bu gün bu arzum gerçəkləşib. Qarabağı azad edən Azərbaycan ordusuna təşəkkür edirəm, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.

media-ads_728_90
Paylaş