Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub.
“TV1” xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailənin (163 nəfər) daimi qayıdışı təmin edilib.
Doğma ocağına dönən ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri qarşılayıblar.
11:32
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
“TV1” xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 41 ailə olmaqla, 163 nəfər yola salınıb.
Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.








