XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

media-ads_728_90

XXI Bakı Caz Festivalı norveçli musiqiçi Ayven Mazuzenin iştirakı ilə möhtəşəm şou proqramla başa çatıb. Festivalın bağlanış konserti İçərişəhərdə açıq havada keçirilib.

“TV1” xəbər verir ki, konsert musiqisevərləri, paytaxt sakinlərini, ölkəmizin qonaqlarını, mədəniyyət və incəsənət xadimlərini bir araya gətirib.

Açıq havada keçirilən konsert əsl sürpriz olub. Konsertə giriş sərbəst olduğundan hər kəs bu musiqi axşamında iştirak edə bilib.

Festivalın bağlanış konsertində çıxış edən saksofonçu Ayven Mazuze tamaşaçılara səmimi qarşılanmaya görə təşəkkür edib və Bakı Caz Festivalı çərçivəsində Azərbaycanda çıxış etməkdən məmnun olduğunu bildirib.

Ayven Mazuze Mozambik əsilli, hazırda Norveçdə yaşayan, tanınmış bəstəkar, bir sıra mükafatlara layiq görülmüş saksofonçu və dünya səviyyəli caz ifaçısıdır. Afrika musiqi ənənələrini müasir cazla özünəməxsus şəkildə birləşdirən Mazuzenin musiqisi dərinliyi ilə seçilir və dünyanın müxtəlif musiqi cərəyanlarının təsirini əks etdirir.

Qeyd edək ki, XXI Bakı Caz Festivalı oktyabrın 3-dən 11-dək Bakıda və şəhərdən kənarda keçirilib. Bu il festivalda 12-dən çox ölkədən sənətçilər iştirak ediblər. Caz həvəskarları konsertləri və birgə improvizasiya ifalarını dinləmək imkanı əldə ediblər. Festivalın son iki günü Qız qalasının yaxınlığında, İçərişəhərdə açıq havada keçirilib.

media-ads_728_90
Paylaş