“Yay Fest”də humanizm prinsiplərinə həsr olunan düşərgə baş tutdu- FOTO

media-ads_728_90

 

“Konstitusiya və Suverenlik İlinə” həsr olunan “Yay Fest 2025” gənclər festivalı çərçivəsində “Humanizm” düşərgəsi təşkil edilib. 21-25 iyul tarixlərini əhatə edən düşərgə müddətində 250 gənc humanist dəyərlər, emosional anlayış və sosial məsuliyyət prinsipləri ətrafında bir araya toplaşaraq həm sosial bacarıqlarını, həm də biliklərini artırıblar. “Humanizm” düşərgəsinin əsas məqsədi humanizm ideyalarının gənclər arasında təşviq olunması və onların cəmiyyətə qarşı məsuliyyətli fərd kimi formalaşması olub.

“TV1” xəbər verir ki, Şamaxıda açıq hava şəraitində və çadır formatında baş tutan bu festival zamanı gənclər bir sıra maarifləndirici sessiyalar, motivasiyaverici çıxışlar, interaktiv təlimlər və panel görüşlər vasitəsilə insan hüquqları, empatiya, könüllülük və sosial məsuliyyət kimi mövzular ətrafında maraqlı müzakirələr aparıblar. Eyni zamanda, gənclər üçün təşkil olunan master-klasslar, kvest oyunları, idman yarışları və haykinq onların sosiallaşmasına, yaradıcılıq və komanda bacarıqlarının inkişafına xidmət edib. Şamaxı Astrofizika Rəsədxanasına təşkil edilən ekskursiya iştirakçıların astronomiya elminə olan marağını artırıb.

Düşərgənin axşam proqramlarında gənclərin fərqli üslublarda hazırladığı səhnəciklər, DJ performansları, eləcə də tonqal ətrafında keçirilən dostluq görüşləri və gənclərin sevimli müğənnilərin canlı ifaları unudulmaz atmosfer yaradıb. Tonqal ətrafında iştirakçılar öz səmimi təəssüratlarını bölüşərək burada qazandıqları bilik və dostluqların onların həyatında dərin iz buraxdıqlarını qeyd ediblər.

Avqustun 29-dək davam edəcək festival çərçivəsində “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularında mərhələli şəkildə 8 düşərgə keçiriləcək. Bu unikal platforma ümumilikdə 2000-dən çox gənci əhatə edəcək.

Xatırladaq ki, “Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, gənclər http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak etmək üçün seçimlərə qatıla bilərlər. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək.

 

Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün “Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.

 

media-ads_728_90
Paylaş