Bakıda toyda zəhərlənənlərin sayı 51-ə çatıb - YENİLƏNİB
Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb.
“TV1” xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bundan əvvəl 36 nəfərin hospitalizasiyasından əlavə olaraq 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
12:33 —————————————————————————————————————————————————————–
Xətai rayonunda yerləşən iaşə obyektində müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
“TV1” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilir.
Qeyd olunur ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30 radələrində çağırış daxil olub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
10:18 ————————————————————————————————————————————————–
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gecə Bakıda 32 nəfərin toyda zəhərlənməsi ilə bağlı araşdırma aparır.
“TV1” xəbər verir ki, bu barədə AQTA-nın məlumatında bildirilir.
Qeyd olunur ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmamasına dair AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
“Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.
Qeyd edək ki, dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə aprelin 19-u gecə 32 nəfər (23 qadın, 9 kişi) Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib. Onun sözlərinə görə, xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb. /report/