media-1200x100

75 illik yubileyini qeyd edən görkəmli alim Abel Məhərrəmov - VIDEO

media-ads_728_90

AMEA-nın həqiqi üzvü, Akademik Abel Məhərrəmov. Onu çox insan tanıyır bu məmləkətdə. Amma lap yaxından tanıyan kəslər bilir ki, Abel müəllim mərhəmət sahibi ata, böyük qardaş, sadiq dost, gənclərin təhsil həyatında arxa, dayağı, onların yoluna işıq tutan müdrik bir şəxsiyyətdir.

Abel müəllim ömrünün 19 ilini Azərbaycanın ən qədim təhsil ocağına – Bakı Dövlət Universitetinə bağlı fəaliyyət göstərib. Onun neçə-neçə istedadlı gəncin, alimin yetişməsində, formalaşmasında, həyata vəsiqə almasında əvəzsiz xidmətləri olub.

Çox sadə, təvazökar bir insan olan Abel müəllim bu gün də ətrafına göstərmiş olduğu qayğıkeşliyi ilə sevilir, hörmət, ehtiram görür. Mənalı ömür yolu, elmə səmimi bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə seçilən akademik Abel Məhərrəmov prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, tədqiqatçılıq əzmi, siyasi mövqeyi ilə fərqlənir, ziyalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirir. İstər Bakı Dövlət Universitetinin rektoru olduğu zamanlarda, istərsə də Milli Məclisin deputatı kimi fəaliyyət göstərdiyi dövrlərdə dövlətçilik ideallarına sadiqlik nümayiş etdirməsi, insanpərvərliyi onun zəngin daxili aləmindən qaynaqlanır.

Görkəmli alimin həyatı, sanballı elmi yaradıcılığı ilə tanışlıq onun Azərbaycan xalqı və dövləti qarşısındakı layiqli xidmətlərini, vətənpərvər fəaliyyətini bir daha qabarıq üzə çıxarır. Abel Məhərrəmov həyatının 35 ilini peşəkar elmi fəaliyyətə həsr edib. O, gərgin və prinsipial yaradıcı axtarışları ilə fundamental elmlər sahəsində bir sıra mütərəqqi yeniliklərin müəllifidir. Dövlətə, xalqa sədaqətli xidməti özünə borc bilən akademik Abel Məhərrəmovun qələmə aldığı onlarla sanballı kitab və monoqrafiya nəinki ali məktəb tələbələri, hətta yetkin tədqiqatçılar üçün də zəngin mənbə rolunu oynayır.

Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində müəllim ailəsində anadan olub. Sonradan ailəsi ilə birgə Ermənistanın Amasiya rayonunda yaşayıb, orta təhsilini həmin rayonun Güllübulaq kəndində alıb. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoyub.

Ziyalı ailəsində yetişmiş Abel Məhərrəmovda hələ uşaqlıqdan məsuliyyət və çalışqanlıq keyfiyyətləri özünü qabarıq göstərməyə başlayıb. İstedadı, savadı ilə o, müəllimlərinin diqqətini cəlb edib, xüsusən riyaziyyat, fizika və kimya fənlərinə maraq göstərib, bu fundamental elmlərin incəliklərinə dərindən vaqif olmağa çalışıb. Çalışqanlılığı və yüksək intizamlılığı onun pedaqoji fəaliyyətə aparan yoluna körpü salıb, peşə seçiminin müəyyənləşməsinə əsaslı dərəcədə təsir göstərib. Təhsildə fərqlənərək 1966-cı ildə orta məktəbi qızıl medalla başa vurub, elə həmin il arzularını gerçəkləşdirəcək ünvana – Bakı Dövlət Universitetinə üz tutub, kimya fakültəsinə daxil olub. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb, 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturaya qəbul olub.

Abel müəllim 1976-cı ildə Moskvada namizədlik dissertasiyası müdafiə etdikdən sonra elə həmin ildən Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, 1991-ci ilədək bu nüfuzlu ali təhsil ocağında baş elmi işçi, baş müəllim, universitetin tədris hissəsinin müdiri, dekan müavini və dekan vəzifələrində çalışıb. Fəal pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmdə də inamlı addımlar atan Abel Məhərrəmov gərgin əməyinin bəhrəsi olaraq 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

Tanınmış alim 1993-cü ildən 1999-cu ilin yanvar ayınadək BDU-nun kimya fakültəsinin dekanı vəzifəsində işləyib. 1998-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib, həmçinin elmi nəticələrinə və təhsil quruculuğuna görə müxtəlif illərdə Y.Məmmədəliyev adına qızıl medala, Beynəlxalq EKO mükafatına, Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə və digər sanballı mükafatlara layiq görülüb. Elmi uğurlarına görə adı 1999-cu ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin “XX əsrin 2000 görkəmli alimi” kataloquna daxil edilib və ötən yüzilliyin ən görkəmli alimlərindən biri sayılıb. 2007-ci ilin aprelində AMEA-nın həqiqi üzvü seçilmiş Abel Məhərrəmov bununla da elmin ən uca pilləsinə yüksəlib.

Yüksək elmi səviyyəsini, idarəçilik keyfiyyətlərini nəzərə alan ulu öndər Heydər Əliyev 1999-cı il yanvarın 11-də Abel Məhərrəmovu BDU-nun rektoru vəzifəsinə təyin edib. Əsl ziyalı kimi BDU-nun rektoru vəzifəsini məsuliyyətlə daşıyan Abel müəllim vəzifə kürsüsünə insanlara layiqli xidmət vasitəsi kimi yanaşdığını BDU-ya rəhbərliyi dövründə tam sübuta yetirib. Onun islahatlara meyilliliyi, işgüzarlığı, çevik idarəçi olması kadr seçimində heç zaman yanılmayan ulu öndər Heydər Əliyev tərəfindən də daim yüksək dəyərləndirilib, layiq olduğu yüksək qiyməti alıb. Elm və təhsilin inkişafında nailiyyətlərinə görə o, 11 fevral 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Həyatını Azərbaycan elminin, təhsilinin inkişafına, dövlətin sabahı üçün layiqli mütəxəssislərin hazırlanmasına həsr etmiş Abel Məhərrəmov 2005-ci ilin noyabrından daha bir çətin missiyanı da üzərinə götürərək, Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilir. O, Milli Məclisin III (2005–2010) və IV (2010–2015) çağırış deputatı olub. Milli Məclisin elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İspaniya, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olan akademik Abel Məhərrəmov həm də müstəqil Azərbaycanda həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının hazırlanması işində, qanunların təkmilləşdirilməsində fəal iştirak edib.

Abel Məhərrəmovun dövlətçilik mövqeyi, böyük öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik mövqeyidir. Siyasi baxışlarında hər zaman sabit və prinsipial olmuş Abel müəllim ümummilli liderin siyasi kursunu dönmədən müdafiə edərək Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesinə öz töhfəsini verib. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Abel Məhərrəmov bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu siyasətinə də öz sanballı töhfəsini verir.

Yenilikçilik, məqsədyönlülük, islahatçılıq onun xarakterik xüsusiyyətlərindəndir. Akademik Abel Məhərrəmovun insanlarla ünsiyyət mədəniyyəti, təmkini, tələbkarlığı, iradəsi, nikbinliyi, gələcəyə inam hissi çoxları üçün örnək sayıla bilər. Bu keyfiyyətlər onun yüksək təvazökarlığı ilə tamamlanır. Yüksək təşkilatçı imici və yorulmaz tədqiqatçı əzmi ilə tanınan akademik müasir düşüncə tərzi ilə Azərbaycanın ziyalı elitasında layiqli qiymətini alıb.

Akademik Abel Məhərrəmovun 75 illik yubileyidir. Abel müəllimi bu münasibətlə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Mətanət Əliyeva

“TV1” kanalı akademik Abel Məhərrəmovun yubileyi münasibəti ilə film hazırlayıb.

Filmi təqdim edirk:

media-ads_728_90
Paylaş