media-1200x100

Ağsaqqallar Şurası Abel Məhərrəmovu 75 illiyi ilə bağlı təbrik edib

media-ads_728_90

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmovun 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Abel müəllimə təbrik ünvanlayıblar.

“TV1” xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli Abel müəllim!

Sizi – xalqımızın görkəmli alimini, müdrik ağsaqqalı və nüfuzlu ziyalımızı 75 İllik Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanımızın inkişafı istiqamətində həyata keçirdiyiniz bütün işlərdə, ictimai-siyasi və elmi fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq!

Şərəf və vicdanla yaşadığınız ömrünüzün müdriklik zirvəsində olan alicənab bir şəxsiyyət kimi Siz çoxşaxəli elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətiniz, yüksək idarəçilik qabiliyyətiniz və prinsipiallığınız, eləcə də sadəliyiniz, təvazökarlığınız və qayğıkeşliyinizlə hər zaman seçilmisiniz. Tanınmış alim, vətənpərvər ictimai-siyasi xadim, dəyərli ziyalı olaraq daim xalqımıza, dövlətimizə böyük xidmətlər göstərmiş, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sarsılmaz sadiqlik nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyərək ölkəmizin tərəqqisinə, elm və təhsilin inkişafına layiqli töhfələr vermisiniz. Sizin rəhbərliyiniz ilə Bakı Dövlət Universiteti yeni inkişaf mərhələsinə qədəm qoymuş, təhsilin keyfiyyəti xeyli yüksəlmişdir. Minlərlə gəncin ali təhsil almasında, bilik və bacarıqlara yiyələnməsində, Azərbaycanın sabahı üçün layiqli mütəxəssislər və nümunəvi vətəndaşlar olaraq yetişməsində böyük rol oynamısınız. Milli Məclisin deputatı olaraq səmərəli parlament fəaliyyətinizlə bu ali qanunverici orqanın işində yaxından iştirak edərək bir çox əhəmiyyətli məsələlərə dair, eləcə də elm və təhsil sahəsində önəmli qanunların müzakirəsində və qəbul olunmasında xüsusi fəallıq və əzmkarlıq nümayiş etdirmisiniz.

Müxtəlif vəzifələrdəki uğurlu elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətiniz Azərbaycanda və respublikamızdan kənarda yüksək dəyərləndirilmişdir. Siz “Şöhrət” və 2-ci dərəcəli “Əmək” ordenlərinə, “Əməkdar elm xadimi” fəxri adına, “Yusif Məmmədəliyev adına medal”a, Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına, Rumıniyanın Komandor dərəcəli ali “Qızıl ulduz” ordeninə, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) “Qızıl medal”ına və çox sayda digər nüfuzlu mükafatlara, fəxri adlara layiq görülmüsünüz.

Hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq Siz müdrik bir ağsaqqal kimi təşkilatın fəaliyyətində yaxından iştirak edir, gənclərimizin maarifləndirilməsinə, elmə və təhsilə həvəslərinin artırılmasına, onların vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir, bu yüksək amal uğrunda öz bilik və bacarığınızı əsirgəmirsiniz. Siz həm də yüksək intellektli, nəcib və vətənpərvər ziyalı övladlar yetişdirən qayğıkeş valideyn və gözəl ailə başçısısınız.

Hörmətli Abel müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi əlamətdar Yubileyiniz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından ürəkdən təbrik edir, Sizə Vətənimizin tərəqqisi naminə dəyərli fəaliyyətinizdə tükənməz nailiyyətlər diləyirik!

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV

media-ads_728_90
Paylaş