Ağsu aşırımında torpaq sürüşməsi yenidən AKTİVLƏŞİB
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən 147-ci kilometrliyində torpaq sürüşməsi yenidən aktivləşib.
“TV1” xəbər verir ki, intensiv yağıntılar nəticəsində yolun çiyin hissəsində və bir neçə gün əvvəl kipləşdirilən torpaq qatında çökmə qeydə alınıb.
Xatırladaq ki, bir neçə gün əvvəl sözügedən ərazidə torpaq sürüşməsi baş verib, nəticədə yolun bir zolağı tamamilə bağlanıb, asfalt qatı çöküb, çiyin hissələrdə isə dərin yarğanlar əmələ gəlib. Bundan sonra əraziyə texnikalar cəlb olunaraq material daşınıb, çökən hissələr doldurulub. Lakin son günlərdə sürüşmə yenidən aktivləşib. /azərtac/