Azərbaycan D-8 təşkilatının tamhüquqlu üzvü oldu
Azərbaycan İstanbulda (Türkiyə) İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyinə D-8 Nizamnaməsinin ratifikasiyası ilə bağlı sənədləri rəsmi olaraq təqdim edib və bununla da təşkilata qoşulma prosesini tamamlayıb.
“TV1” xəbər verir ki, bu barədə D-8 Katibliyinin mətbuata açıqlamasında bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycan martın 19-da D-8 Nizamnaməsinin ratifikasiyası ilə bağlı sənədləri təqdim edib.
Xatırladaq ki, 2024-cü il dekabrın 19-da Qahirədə (Misir) keçirilən D-8 üzv ölkələrinin dövlət və hökumət başçılarının XI Sammitində Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciəti yekdilliklə qəbul edilib.
Azərbaycan hökuməti tərəfindən D-8 Xartiyasının ratifikasiya prosesi ölkə parlamentinin 7 mart 2025-ci il tarixində 149-VIIQ saylı qanunu qəbul etməsi ilə əlamətdar olub və daha sonra qanun ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Bu isə onun qüvvəyə minməsini təmin edib.
“Şübhəsiz ki, Azərbaycanın D-8-ə doqquzuncu üzv kimi qoşulması təşkilat üçün mühüm bir mərhələdir. Çünki bu hadisə üzv dövlətlər arasında Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün daha geniş imkanlar açacaq və əməkdaşlığı gücləndirəcək”, – deyə təşkilatın katibliyi qeyd edib.
Təşkilatın yaradılması haqqında qərar 1996-cı ilin noyabrında İstanbulda qəbul edilib. Təşkilat 1997-ci il iyunun 15-də İstanbulda “İslam səkkizliyi”nin ilk sammitində təsis edilib. Tərkibinə səkkiz ölkə daxil olub: Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya.