Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb - YENİLƏNİB

media-ads_728_90

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan facebook səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycan mənşəli, 1300 ton tutumlu Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb.

“Bəlkə də bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra yox, həm də ümumiyyətlə müstəqillikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət və iqtisadi sövdələşmədir”, – deyə nazir qeyd edib.

08:01

SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana gedən tədarükü Ağstafadan Gürcüstana yola salınıb.

“TV1” xəbər verir ki, Bakı Yük Stansiyasından yola düşən qatar gecə saatlarında Böyük Kəsik stansiyasına daxil olub.

Qatar stansiyada yoxlanılandan sonra Gürcüstana, daha sonra isə Ermənistana gedəcək.

Qeyd edək ki, 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq. Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

18 dekabr tarixində Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

Onu da qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınır. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.

Dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb:

“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin”.

Bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividentləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.

media-ads_728_90
Paylaş