Azərbaycanın müstəqilliyinin qarantı və müasir inkişafının memarı Prezident İlham Əliyevdir
Bu gün Azərbaycanın müstəqilliyinin qarantı və müasir inkişafının memarı Prezident İlham Əliyevin 64 yaşı tamam olur. Məhz onun rəhbərliyi ilə Azərbaycan bu gün güclü dövlətçilik ənənələrini daha da möhkəmləndirərək regionun aparıcı dövlətinə çevrilib.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev, beynəlxalq arenada söz sahibi kimi ölkəmizin gələcəyini formalaşdırır. O, Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirən lider kimi tariximizə öz imzasını yazdı.

2003-cü ildə respublikamızın sükanı önünə keçəndə 42 yaşında olan İlham Əliyev o zamandan müdrik idarəetmə bacarığı ilə fərqlənən bir lider kimi tariximizin yeni səhifələrini yazmağa başladı. İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən dedi ki, Ümummilli Liderin siyasi kursunu dönmədən davam etdirəcək, hər bir vətəndaşın Prezidenti olacaq. Onun iradəsi, rəhbərlik bacarığı və xalqımızın dəstəyi Azərbaycanın müasir tarixində parlaq qələbələr səhifəsi açdı.Millətimiz “İlhamla İrəli” dedi. Bu seçimində yanılmadı!
Müzəffər Ali Baş Komandan kimi İlham Əliyev 44 günlük Vətən müharibəsindəki qələbəsi ilə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edərək milli birliyimizin və gücümüzün parlaq rəmzinə çevrildi.

Bir qalib sərkərdə kimi arzularımızı reallığa çevirən Prezident İlham Əliyevin siyasi kursunun, Qələbə strategiyasının bəzi məqamlarına nəzər salmaq yerinə düşər:
* Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin yayında ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bizim bölgədə həyata keçirilən bütün beynəlxalq və regional layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılıb.
Sirr deyil ki, respublikamızın müasir iqtisadi yüksəlişinin əsası 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. Bu strategiya sonrakı dövrlərdə də ardıcıl şəkildə davam etdirilməsi böyük uğurlara səbəb olub. Prezident İlham Əliyev praqmatik düşüncə tərzi və çevik idarəetmə qabiliyyəti ölkəmizi iqtisadi güc mərkəzinə çevirib. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi qlobal əhəmiyyətli layihələr reallaşıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan TANAP boru kəmərinin, 2020-ci ilin noyabrında isə Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsi Azərbaycanın enerji siyasətindəki uğuruna çevrilib. Xatırlatmaq yerinə düşər ki, “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması da İlham Əliyev faktoruna bağlıdır.

* Son illər ərzində respublikamızın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi də göz önündədir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması Prezident İlham Əliyevin təşəbbüsünun bariz nümunəsidir. Bu yöndə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatdırılıb, Azərbaycanın sərhədlərinə qədər uzanan yeni yollar istifadəyə verilib. Bu logistik layihələr hazırda regionumuzda əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.
* 2013-cü ildə Azərbaycan həm də kosmik ölkələr ailəsinə daxil olmaqla müasir telekommunikasiya dünyasına addım atdı. “Azerspace-1”, “Azersky”, və “Azerspace-2” peykləri orbitə buraxılması da İlham Əliyevin düşünülmüş siyasətinin bəhrəsidir.
Bu gün Azərbaycanın xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən əsas məqam Prezident İlham Əliyevin beynəlxalq münasibətlərə dair dərin biliklərinin olması və çevik diplomatik manevrləridir. Bu yöndə ölkələrin suverenliyinə hörmət edilməsi, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı, qarşılıqlı faydalı əməkdaşlığın qurulması prinsipləri əsas tutulur. Beynəlxalq münasibətlərdə güc faktorunun aparıcı rol oynadığı bir vaxta bu prinsiplər ilk növbədə böyük alicənablıq və humanistliyin göstəricisi sayıla bilər. Bu yanaşma Azərbaycanın beynəlxalq aləmdə söz sahibi kimi tanınmasını təmin edib və Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə geniş dəstək qazandırıb.
Şübhəsizdir ki, 155 dövlətin dəstəyi ilə respublikamızın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi və COP29 kimi möhtəşəm tədbiri keçirməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb.

Dövlətimizin xarici siyasətində ən ağrılı məsələlərdən biri olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas prioriteti olub. Onun beynəlxalq platformalarda prinsipial çıxışları ilə Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırıb, münaqişənin hüquqi həlli üçün geniş baza yaradılıb. Nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmininə dair müddəalar Vətən müharibəsində haqlı və ədalətli mövqeyimizi daha da gücləndirdi.
Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına yol verməyən Prezident İlham Əliyev qətiyyətli addımı ilə 30 ildən çox davam edən bu münaqişəyə müasir dünyanın anladığı dildə -güc yolu ilə son qoydu.Tarixi ədaləti bərpa etdi.
Hər kəs anladı ki, Azərbaycan öz tarixində heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Qarabağ münaqişəsinin həlli iqtisadi və hərbi güclə yanaşı, eyni zamanda, diplomatiya müstəvisində, informasiya cəbhəsində məqsədyönlü və ardıcıl fəaliyyət tələb edirdi. Prezident İlham Əliyevin diplomatik çevikliyi və xalqın öz lideri ətrafında sıx birləşməsi bu Zəfəri təmin edən əsas amillərdən biri idi. Bu birlik və həmrəylik nəticəsində Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi adını Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırdı. Üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə, həmçinin regionda yeni reallıqlar yaratdı.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti, güclü liderlik qabiliyyəti və millətinə sədaqəti qələbənin əsas faktoruna çevrildi. Prezidentin dəmir yumruğu ətrafında birləşən Xalqımız bu Qələbə ilə tarixində yeni bir dövrə qədəm qoydu.
2023-cü il sentyabrın 19-dan başlayaraq, 23 saat ərzində keçirilən antiterror tədbirləri nəticəsində Qarabağdakı quldur yuvası birdəfəlik dağıdıldı, erməni separatizmi məhv edildi. Azərbaycanlılara qarşı qətliamlar törədən separatçı canilərin bəziləri əlləri qandallı, başları aşağı halda Bakıya ədalət mühakiməsinə gətirildilər. Qarabağda suverenliyimizi tam bərpa edərək ərazisi bütöv dövlətə çevrildik. 1988-ci ildən başlayaraq, xalqımıza ağrı-acılar yaşadan erməni terrorundan, separatizmindən birdəfəlik qurtulduq. Bununla da Prezident İlham Əliyev Azərbaycan xalqı qarşısındakı ən böyük tarixi missiyasını uğurla həyata keçirdi.

İndiki, postmüharibə dövrünün öz hədəfləri var. Bu gün postmüharibə dövrünün gündəliyini Azərbaycan lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, bununla hesablaşırlar.
2025-ci il avqustun 8-də Azərbaycan–Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammitinin nəticəsində liderlər tərəfindən Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Prezident İlham Əliyevin taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallığının nəticəsidir. Məhz bu uzaqgörən siyasət regionumuza sülh gətirib və bu sülhün davamlı olacağı şübhəsizdir.

İndi bölgədə yeni reallıqlar yaranıb. Azərbaycan dövlətinin gücü sayəsində işğaldan azad olmuş ərazilərimizə həyat yenidən qayıdır. Prezident İlham Əliyev müharibədə olduğu kimi quruculuq işində də qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, sosial obyektlər tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar “Böyük Qayıdış”ın perspektivindən xəbər verir. İndi bərpa olunmuş ərazilərimizdə 60 mindən çox insan yaşayır.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı.Biz qazandıq.Biz qalib gəldik.Biz İlham Əliyevin rəhbərliyi altında yeni yolun astanasındayıq.İnkişafın və əminamanlığın işığındayıq!









