Azərbaycanın ÜDM artımı sürətlənəcək - "Moody's"
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) real artımının 2024-cü ildəki 4,1 % və 2025-ci ildəki 1,5 %-ə qarşı 2026-2027-ci illərdə 2,5–3 % təşkil edəcəyini gözləyir.
“TV1” xəbər verir ki, bu barədə Agentliyin “Azərbaycan bank sisteminin perspektivləri” hesabatında bildirilir.
Qeyd olunur ki, sürətlənmə qeyri-neft sektorunun dayanıqlı dinamikası ilə təmin ediləcək, çünki bank əməliyyatlarının əsas hissəsi bu sektorun payına düşür.
“Bu isə öz növbəsində kreditləşmənin artımını, bank aktivlərin keyfiyyətinin qorunmasını və sektorunun mənfəətliliyini dəstəkləyəcək”, – deyə hesabatda bildirilib.
“Moody’s” qeyd edir ki, nəqliyyat-logistika sektorunda gücün və fəallığın genişlənməsi, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Qarabağ və Şərqi Zəngəzur regionlarında bərpa işləri, həmçinin bərpa olunan enerji sahəsində layihələrin həyata keçirilməsi iqtisadiyyata əlavə dəstək verəcək.
Agentlik vurğulayıb ki, sonuncular artıq külək və günəş elektrik stansiyalarına xarici investisiyalar cəlb edib.







