Bakı metrosunun fəaliyyəti bərpa olunub - YENİLƏNİB 7/VİDEO
“Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa olunub.
“TV1” xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
“Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib. Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”, – deyə qurumun yaydığı məlumatda bildirilir.
xxx
“Bakı Metropoliteni” QSC-nin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
“TV1” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilir.
xxx
Bakı metropolitenində yaranan texniki nasazlıqla əlaqədar şəhərdaxili ictimai nəqliyyatda əlavə tədbirlər görülür.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilir.
Qeyd olunur ki, metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir.
Bildirilib ki, daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib.
xxx
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
“TV1” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.
xxx
“Qara Qarayev–Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
“TV1” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
xxx
Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb. Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
“TV1” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qurum tərəfindən əlavə məlumatın veriləcəyi bildirilir.
xxx
“Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
“TV1” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilib.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
“Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.








