Bakıda “Əqli mülkiyyət və innnovasiyalar yaşıl gələcək naminə” tədbiri keçirilib - FOTO/VİDEO
Bu gün Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Əqli Mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə ” mövzusunda dəyirmi masa keçirilib.
“TV1” xəbər verir ki, tədbirdə hökumət nümayəndələri, Milli Məclisin üzvləri, ictimai təşkilatların əməkdaşları iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, bu gün əqli hüquqlar sahəsində “yaşıl” innovasiyaların yaranmasına və təşviqinə yönəlmiş bir neçə tendensiya mövcuddur. Həmçinin, bildirilib ki, iqlim dəyişikliyinin azaldılması üzrə əqli hüquqlar sistemində ən mühüm rolu patent hüquqları oynayır.
Eyni zamanda vurğulanıb ki, “Yaşıl” texnologiyaları ixtira və ya faydalı model kimi qeydiyyata almaq və beləliklə bu obyektlərə “yaşıl” adlanan patentler əldə etmək mümkündür.
Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) müasir çağırışlara cavab verən milli əqli mülkiyyət ofislərinin yaradılmasına aid təlimatların hazırlanması məqsədilə dünya üzrə 204 ofis arasından 15 ölkənin mükəmməl idarəetmə strukturuna və inzibatçılıq mexanizmlərinə malik olan ofisləri sırasına Azərbaycanın Əqli Mülkiyyət Agentliyini də daxil edib.
Sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qarşıda duran vəzifələr və həlli yolları barədə fikirlərini bölüşüb:
“Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının Azərbaycanda 30 %-ə çatdırılması gözlənilir. Statistik göstəricilərə görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin təxmini potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı isə 520 meqavat həcmində qiymətləndirilir”.
Həmçinin, tədbirdə ölkəmizin bir sıra ali məktəbləri və elmi-tədqiqat müəssisələrinin nümayəndələrinin məruzələri dinlənilib. Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçmiş “yaşıl patentlər”in bir qismi barədə məlumat verilib, mövzu ətrafında müzakirələr keçirilib.
İlkanə Vaqifqızı