Bakıda gömrükçü öz mağazasında öldürülüb

media-ads_728_90

Oktyabrın 11-i günorta saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində qətl törədilib.

“TV1” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev bıçaqlanaraq qətlə yetirilib.

Bildirilib ki, hadisə Əmircan qəsəbəsi ərazisində A.Mustafayevə məxsus mağazada baş verib. Xəstəxanaya çatdırılan 43 yaşlı kişi orada vəfat edib.

Ona bıçaqla xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı “Bakupost” yayıb.

***

Suraxanı Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 11-i Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

V.Ş. (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

TƏBİB-dən bildirilib ki, okyabrın 11-i saat 16:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Suraxanı rayonu ərazisindən çağırış daxil olub.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən 43 yaşlı şəxsə (kişi) ilkin tibbi yardım göstərilib. Müayinə zamanı zərərçəkənin çoxsaylı kəsilmiş-deşilmiş yaralar aldığı və terminal vəziyyətdə (həyat funksiyalarının – tənəffüs, ürək fəaliyyəti və huşun dayanmaq üzrə olması) olduğu müəyyən edilib.

Təxliyə zamanı zərərçəkənin vəziyyəti kəskin pisləşmiş və xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

Hadisə ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına məlumat verilib. /qafqazinfo/

media-ads_728_90
Paylaş