media-1200x100

Bakıda “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar keçirilir - FOTO

media-ads_728_90

Bakıda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar keçirilir.

“TV1” xəbər verir ki, tədbirin əvvəlində media nümayəndələri üçün brifinq keçirilib.

Brifinqdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və ÜƏMT-nın department direktorunun müavini Dimiter Qançev seminarın əhəmiyyəti və müzakirə olunacaq mövzu barədə ətraflı məlumat veriblər.

Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edirlər. Beynəlxalq tədbirə ölkəmizin nazirliklərinin, komitələrinin və dövlət agentliklərinin səlahiyyətli nümayəndələri, Milli Məclisin üzvləri, ali məktəb rəhbərləri, ictimai təşkilatların əməkdaşları qatılıblar.

Regional seminarı giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tədbir iştirakçılarını salamlayıb, iki gün davam edəcək (2-3 dekabr – red.) tədbirdə ÜƏMT-nın peşəkar mütəxəssislərinin kreativ iqtisadiyyatın müxtəlif istiqamətlərinə dair maraqlı məruzələrinin dinləniləcəyini, əqli mülkiyyətin, o cümlədən müəllif hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə fikir mübadiləsi aparılacağını, seminar iştirakçılarının bu sahədə Azərbaycanın təcrübəsi barədə dolğun məlumat əldə edə biləcəyini bildirib.

K.İmanov ÜƏMT-nin yeni hazırlanan Kreativ İqtisadiyyatın Data Modelinin (CEDM) empirik dataların toplanmasında kreativ iqtisadiyyatın dəyərlənməsində çoxşahəli ölçü aləti rolunu oynadığını və geniş faktorların nəzərə almasına imkan yaratdığını qeyd edib. Burada kreativ (yaradıcı) məhsul istehsalatı olan təsisatlar (yəni hüquqi və institusional mühit, şəbəkə strukturları və sosial dəyərlər), kreativ istehsalını tələb edən resurslar (yəni biliklər, istedad, maliyyə və s.) kreativ sektorun iqtisadiyyata təsirini göstərən kreativ (yaradıcı) nəticələrdir. Bu cür yanaşma yenidir, daha dərin, mükəmməl aspektləri ilə yanaşı, sosial və mədəni aspektlərini də nəzərə alır və bu modeldə ƏM-in rolu, xüsusən müəlliflik hüququnun əhəmiyyəti qabarıq şəkildə göstərilir. O, bir mütəxəssis kimi bu yanaşmanın vizuallaşmasını, açıqlanmasını dəstəkləyərək onun köklərinin əqli mülkiyyətin yenidən dərk edilməsindən irəli gəldiyini, daha sistemli yanaşmanın təzahürü olduğunu qeyd edib, əqli mülkiyyət fenomeninin hüquqi, iqtisadi və sosio-mədəni aspektlərinin birgə təhlilinin tərəfdarı olduğunu bildirib.

K.İmanov Azərbaycanın əqli mülkiyyət sistemi barədə də ətraflı məlumat verib. Vurğulanıb ki, patent sahəsində ixtiraçıların və sahibkarlıq subyektlərinin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məqsədilə sənaye mülkiyyəti obyektlərinin  qeydiyyatı üçün iddia sənədlərinin qəbulu Əqli Mülkiyyət Agentliyində yaradılan “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. PƏNAH rəqəmli sistemi 24/7 rejimində fəaliyyət göstərir və qeydiyyatın istənilən yerdən və istənilən vaxt təşkilidir.

Şəffaflığın və məlumatlara əlçatanlığın təmin olunması sahəsində növbəti addım olaraq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair “Açıq reyestrlər” yaradılmışdır. Hər kəs “açıq reyestrlər”ə maneəsiz və ödəniş etmədən daxil ola, o cümlədən patent almaq istəyən və ya əmtəə nişanını qeydiyyatdan keçirmək istəyən şəxs patentlər və əmtəə nişanları barədə məlumatları əldə edə bilər. Yeni infrastruktur layihələri sırasında yaradılmış “Çağrı Mərkəzi”nə orta hesabla il ərzində 24 mindən çox müraciət daxil olur.

Sonra regional seminarda K.İmanovun “Əqli mülkiyyətin yenidən dərk edilməsi və kreativ iqtisadiyyat” mövzusunda təqdimatı dinlənilib. Təqdimatda dövlət başçısının Fərmanla təsdiq etdiyi Agentliyin Nizamnaməsində “fəaliyyətinin istiqamətləri” və “vəzifələri” kimi “əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumi daxili məhsulundakı payının müəyyən edilməsi, həmçinin texnologiyaların transferinin, innovasiyalara dəstək və kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görmək” (2.2.8-ci yarımbənd) müddəalarının yer aldığı bildirilib. Vurğulanıb ki, Agentliyin Nizamnaməsinin 3.1.44-cü yarımbəndində də müəlliflik hüququna əsaslanan iqtisadiyyat “kreativ iqtisadiyyat” kimi göstərilmişdir. Üstəlik, “əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimi müşahidəsini aparmaq, ümumi daxili məhsulda əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün müvafiq işlər görmək, əqli fəaliyyət nəticələri ilə bağlı beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin müşahidəsini həyata keçirmək, təhlillər aparmaq və təkliflər hazırlamaq” (3.1.43-cü bənd) kimi müddəalar yer almışdır.

K.İmanov “yaradıcı” və “kreativ” (sənaye və yaxud  industriya) ifadələrinin sinonimlər kimi istifadə olunduğunu, “sənayelər”, “industriyalar” “iqtisadiyyat” termini ilə də əvəz oluna bildiyini qeyd edərək kreativ iqtisadiyyatın inkişafının əqli mülkiyyət ilə bağlı olduğunu, müəlliflik hüququna  əsaslanan iqtisadiyyat kimi təsvir olunduğunu bildirib. O, “mədəni və yaradıcı sənayelər”, “kreativ sənayelər (industriyalar)” və “kreativ iqtisadiyyat” anlayışları arasındakı fərqlənmə sərhədi və həmin terminlərin yaranma xronologiyası haqqında ətraflı məlumat verib.

Təqdimatda kreativlik konseptinin mənası və “kreativ iqtisadiyyat” (industriyalar) anlayışının tərifləri, kreativliyə aid konseptlərin inkişafının xronologiyasına geniş toxunulub. Vurğulanıb ki, “mədəni” və “kreativ” industriyalar anlayışları fərqlidir və “mədəni industriyalar” anlayışı məhz sektorun sosial əhəmiyyətini və qeyri-kommersiya olduğunu qabarıq göstərmək məqsədilə istifadə olunur.

Agentliyin rəhbəri Azərbaycanda kreativ industriyalar sahəsi barədə də fikirlərini bölüşüb. Əqli Mülkiyyət Agentliyində aparılan təhlil və hesablamalar göstərir ki, Azərbaycanın ÜDM-də kreativ sənayenin payı getdikcə artmaqdadır. Son illərdə ölkənin ÜDM-də kreativ sənayenin payı 2018-ci ildə 5,1%-dən 2024-cü ilin 1 yanvarına olan vəziyyətə görə 5,2%-ə çatmış və hazırda inkişaf etmiş ölkələr səviyyəsindədir.

K.İmanov təqdimatının sonunda milli modelin çatışmazlıqları və qeyri-səlis modelləşməyə keçidin imkanları məsələsini təhlil edib.

Regional seminarda ÜƏMT–nın department direktorunun müavini Dimiter Qançevin “Kreativ iqtisadiyyatın mövcud ölçmə  modellərinə ümumi baxış”, ÜƏMT-nin nümayəndələri Rimantas Vaceneviciusun “Müəllif-hüquq sənayesi ÜƏMT çərçivəsində” və “Kreativ iqtisadiyyatın ölçülməsinin problemləri – qeyri-rəsmi məşğulluğun ölçülməsi”, Felipe Buitragonun “Kreativ iqtisadiyyatın data modelinin yaradılması” və “Məlumat mənbələrinin müəyyən edilməsi üzrə problemlər”, Kübra Karataşın “Modelin çərçivəsi, strukturu və indikatorları”, professor Vanus Jamesin “İndeks metodologiyası və məlumat mənbələri, tələblər”, Valeria Brusnikinanın “Kreativ aktivlərlə rəqəmsal tranzaksiyalardan əldə edilən məlumatların istifadəsi” məruzələri dinləniləcək.

Tədbirdə həmçinin Filippinin misalında təcrübənin öyrənilməsi və “Subregional hazırlığın qiymətləndirilməsi: Kreativ iqtisadiyyatın milli statistik perspektivləri” mövzusunda müzakirələr keçiriləcək.

İlkanə Vaqifqızı 

media-kamran-1 media-kamran-2 media-kamran-3 media-kamran-4

 

media-ads_728_90
Paylaş