Bakıda liseydə şagirdin güllələdiyi müəllim əməliyyat olunub - Həyati təhlükəsi yoxdur

media-ads_728_90

Binəqədi rayonunda yerləşən “İdrak” liseyində fevralın 6-da şagirdin güllələdiyi müəllim əməliyyat olunub.

“TV1” xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadının üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

Aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

“Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Şəhla Kamilovaya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş