Bakıda yanğın baş verən ərazidə hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB/5/VİDEO
Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, Nəsimi rayonunda anbarda baş verən yanğın səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmuşdu.
14:21 ——————————————————————————————————————————————
Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360kv.m sahədə yanıb.
Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.
12:55 ———————————————————————————————————————————————–
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
12:08 ——————————————————————————————————————————————
Bakıda anbarda baş verən yanğınla bağlı qərargah yaradılıb.
“TV1” xəbər verir ki, yanğın baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin 5 əsas, 2 xüsusi yanğınsöndürən texnikası cəlb olunub.
Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. /report/
11:53 ———————————————————————————————————————————–
Bakıda anbarda baş verən yanğın şiddətlənib.
“TV1” xəbər verir ki, əraziyə 6-a yaxın yanğınsöndürən texnikası cəlb olunub.
İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.
Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir. /report/
11:20 ———————————————————————————————————————————————-
Yanğın səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
“Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür”, – qurumdan əlavə edilib.
11:20 ————————————————————————————————————————————–
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.
“TV1” xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.