Binəqədidə partlayış olub - Xəsarət alanlar Yanıq Mərkəzinə hospitalizasiya olunublar
Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində 3 nəfər xəsarət alıb.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilib.
Qeyd olunub ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40 kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub. FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində xəsarət alan 3 nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Bildirilib ki, bu gün saat 15:30 radələrində Binəqədi rayonu ərazisindən baş verən partlayışla bağlı həmin ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
Bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə 3 kişi Yanıq Mərkəzinə hospitalizasiya olunub.








