Dələduzluqda təqsirləndirilən maşın alverçiləri həbs edildi
Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəyən bir neçə nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.
“TV1” xəbər verir ki, Səbail Rayon Məhkəməsi paytaxt sakini 1991-ci il təvəllüdlü Etibar Məmmədəli oğlu Aslanov və Xaçmaz rayon sakini 1982-ci il təvəllüdlü Nihad Nüsrət oğlu Teyyubova hökm oxuyub.
Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri (Dələduzluq – təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilib.
N.Teyyubov 2 il 6 ay, E.Aslanov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hər iki şəxs məhkəmə zalındaca qandallanıb və cəzalarını çəkəcəkləri müəssisəyə göndəriliblər.
Qeyd edək ki, məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib.
Xatırladaq ki, bir müddət əvvəl polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Etibar Aslanov və Nihad Teyyubov saxlanılmışdı. /qafqazinfo/







