media-1200x100

Dövlət qurumlarında lisenziyasız proqram təminatlarından istifadənin fəsadları müzakirə olunub - FOTO 

media-ads_728_90

Azərbaycanın dövlət qurumlarında bir sıra zəruri proqram təminatlarının, o cümlədən antivirus həllərinin mərkəzləşdirilmiş qaydada istifadəsinin vacibliyi müzakirə olunub.

“TV1” xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) verilən məlumata görə, bu, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının ötən gün keçirilən növbəti iclasında bildirilib.

Komissiyanın iclasında həmçinin dövlət qurumlarında lisenziyasız proqram təminatlarından istifadənin yaratdığı fəsadlardan, son günlərdə Dövlət Xidmətinin aşkar etdiyi kiberqruplaşmanın Azərbaycandakı, o cümlədən dövlət qurumlarında kompüterlərin yoluxdurulması ilə bağlı keçirdiyi əməliyyatlarından danışılıb.

Komissiyanın sədri, XRİTDX-nın rəisi, general-leytenant İlqar Musayev kritik İnformasiya İnfrastrukturlarının siyahısının təsdiq edilməsi, həm kritik informasiya infrastrukturları subyektləri, həm də bu sahədə nəzarəti həyata keçirəcək Dövlət Təhlükəsizlik Xidməti və XRİTDX-nın üzərinə böyük məsuliyyət və iş yükü qoyması, növbəti ildən bu sahədə ciddi tənzimləmələrin həyata keçirilməsi, tələblərin icrasına nəzarətin gücləndirilməsi, reyestrin işə salınması və bu kimi sahə üzrə bir sıra tədbirlərin görülməsi barədə ətraflı məlumat verib.

Müzakirələrdə Koordinasiya Komissiyasının üzvləri – Daxili İşlər Nazirinin müavini, general-leytenant İsmət Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin (RİNN) müavini Samir Məmmədov, Xarici Kəşfiyyat Xidmətinin rəis müavini, general-leytenant Zaur İsmayılov, “ASAN xidmət”in sədr müavini Ceyhun Salmanov, akademik Rasim Əliquliyev, Müdafiə Nazirliyinin baş idarə rəisi, polkvonik Vasif Xəlilov, eləcə də qonaq qismində dəvət olunmuş Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, RİNN-in tabeliyində olan “Azintelekom” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən rəhbər şəxslər iştirak ediblər.

media-ads_728_90
Paylaş