Dövlət vəsaitlərinin istifadəsində 65 mln. manatlıq pozuntu aşkarlanıb

media-ads_728_90

Hesablama Palatası (HP) dövlət vəsaitlərinin istifadəsində 65 mln. manatlıq pozuntu aşkarlayıb.

“TV1” xəbər verir ki, bu barədə Palatanın məlumatında bildirilir.

Qeyd olunur ki, Palatanın 2025-ci ilin ilk yarısında həyata keçirdiyi audit tədbirləri nəticəsində dövlət vəsaitlərinin istifadəsində ciddi nöqsanlar və hüquqpozmalara rast gəlib.

Ümumilikdə 65 milyon manatlıq pozuntu faktı qeydə alınıb ki, bunun da 17,8 milyon manatı birbaşa dövlət büdcəsinə zərər kimi qiymətləndirilib.

Audit nəticələrinə əsasən müəyyən edilib ki, büdcə vəsaitləri funksional təyinatından kənar istifadə olunub. Artıq xərclər əsasən nəqliyyat xidmətləri, hədiyyə alınması və beynəlxalq tədbirlərlə bağlı olub. Satınalmalar üzrə qanunvericiliyin tələbləri pozulub – planlaşdırma sənədləri yerləşdirilməyib, müqavilələr vaxtında icra edilməyib. Bundan əlavə, tikintisi tamamlanan obyektlərin istismara verilməsində gecikmələr müşahidə olunub, bu isə mühasibat uçotunda təhriflərə səbəb olub.

Palata maliyyə hesabatlarında 105,1 milyon manatlıq uyğunsuzluq müəyyən edib ki, bu məbləğin 12,6 milyon manatı əhəmiyyətli təhrif kimi dəyərləndirilib.

Hesablama Palatası audit nəticələri əsasında aidiyyəti dövlət qurumlarına 32 təklif göndərib, o cümlədən Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər olunub.

Qurumun məlumatında bildirilir ki, aşkar edilən nöqsanların aradan qaldırılması və dövlət vəsaitlərindən səmərəli istifadənin təmin olunması istiqamətində monitorinqlər davam etdiriləcək.

media-ads_728_90
Paylaş