Dünyanın gözünü Azərbaycana çevirən strateji marşrut: Zəngəzur dəhlizi - VİDEO
İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri dinamik şəkildə davam etdirilir. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Qarabağ və Şərqi Zəngəzurda yeni müasir yaşayış məntəqələri salınır, böyük infrastruktur layihələri reallaşdırılır.
“TV1” xəbər verir ki, böyük miqyasda həyata keçirilən layihələr qısa zamanda Azərbaycanı dünyanın logistik mərkəzinə çevirəcək. Bu isə ölkəmizin iqtisadi inkişafında yeni mərhələ olacaq.
Respublikamızın reallaşdırdığı mühüm layihələrdən biri isə əlbəttə ki, Zəngəzur dəhlizinin inşasıdır. Zəngəzur dəhlizinin dəmir yolu xəttinin inşası hazırda davam etdirilir. Həkəri stansiyasında olarkən bunu canlı şahidi olduq.
Horadizdən Zəngilanın Ağbənd qəsəbəsinə uzanan yol boyu Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəlməsi, yeni magistrallar, tunellər, körpülər bir zamanlar erməni işğalı altında dağıdılmış torpaqlarda həyatın yüksək sürətlə bərpa olunduğunu göstərir. Azərbaycanın cənub-qərb sərhədində – ölkənin iqtisadi gələcəyini müəyyən edən iki mühüm layihə – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və Horadiz-Ağbənd dəmir yolunun hazırda yüksək texnologiyalarla tikintisi icra olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin Tikinti Layihələrinin İdarə Olunması Departamentinin tikinti meneceri Cavad Əlövsətovun verdiyi məlumata görə, Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi üç mərhələdə aparılır.
İkinci mərhələ Soltanlı-Qumlaq-Həkəri-Minçivan stansiyalarını birləşdirir. Onun sözlərinə görə, bu hissədə torpaq işləri və mühəndis qurğularının inşası davam etdirilir. Məhz burada Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilib – 771 metr uzunluğunda, 23 aşırımlı körpü bu layihənin ən mühüm mühəndis nailiyyətlərindən biridir. Üçüncü mərhələdə isə tunellər və qoruyucu qalereyalar üzərində işlər aparılır.
Tunellərdə tikintinin 71 faizi artıq tamamlanıb. Dəmir yolu xəttinin 99-cu kilometrində yerləşən qalereya dik qaya süxurları ilə əhatələndiyi üçün xüsusi mühafizə məqsədi daşıyır. Qalereyanın uzunluğu 108 metr, konstruksiyası isə monolit dəmir-betondandır. Ümumilikdə 110 kilometr uzunluğunda Horadiz-Ağbənd dəmir yolu xəttinin 68 faizi icra olunub. 66 kilometrlik hissədə yolüstü konstruksiyalar artıq quraşdırılıb. Cavad Əlövsətov bildirib ki, yekun tamamlanma tarixi texniki və təşkilati amillərdən asılı olsa da, işlər plan üzrə davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşasının birinci texniki dərəcəyə uyğun şəkildə aparıldığını vurğulayır. 123,6 kilometr uzunluğundakı magistralın 78,5 kilometri altı, 45,1 kilometri isə dörd hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5 və 29 metr təşkil edir. Əsas yolun tikintisi 95 faiz icra olunub.
Z.Həsənovun sözlərinə görə, bu yol üzərində 8 yol qovşağı, 44 altkeçid, 5 üstkeçid və 314 müxtəlif diametrli mühəndis qurğusu tikilib. Üç tunelin ümumi uzunluğu 12 kilometrdir. 24 körpüdən 23-nün tikintisi artıq başa çatıb, birində isə işlər davam edir.
Alternativ olaraq Horadiz-Cəbrayıl-Zəngilan yolu artıq istifadəyə verilib. Yeni magistral üzrə tikinti işlərinin gələn ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. Horadiz-Ağbənd dəmir və avtomobil yolları təkcə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi canlanması üçün deyil, bütövlükdə Azərbaycanın Zəngəzur dəhlizi konsepsiyasının reallaşması üçün əsas infrastruktur dayaqlarıdır. Bu layihələr Azərbaycanın Naxçıvanla quru əlaqəsini təmin etməklə yanaşı, Türkiyəyə və oradan Avropaya yeni nəqliyyat marşrutu açır. Layihələrin tam başa çatmasından sonra Orta Dəhliz vasitəsilə illik 15 milyon ton əlavə yük daşınması mümkün olacaq. Bu, Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, ölkəni regionun əsas logistika qovşaqlarından birinə çevirəcək.
Son illər Cənubi Qafqazda geoiqtisadi mənzərə dəyişməkdədir. Azərbaycan bu prosesdə əsas təşəbbüskar kimi çıxış edir. Zəngəzur dəhlizi – yaxud beynəlxalq səviyyədə təqdim olunan adı ilə TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) artıq siyasi iqtisadi reallığa çevrilib. Dəhlizin hüquqi təməli 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndində qoyulub. Daha sonra ABŞ vasitəçiliyi ilə aparılan danışıqlarda layihə beynəlxalq konsorsium modelinə daxil edilib. Azərbaycanın öz ərazisində gördüyü işlərin 2026-cı ilin ortalarına qədər tamamlanacağı, əgər digər ölkələrdə də proses eyni sürətlə davam etsə, dəhlizin 2028-ci ilin sonuna qədər tam açılacağı bildirilir. Ərazidə aparılan işlər, icra olunan layihələr belə qənaətə gəlməyə imkan verir ki, Zəngəzur dəhlizi artıq kağız üzərində deyil – torpaq, beton və poladla qurulan reallıqdır. Relslər, körpülər, tunellər və magistrallar Azərbaycanın gələcək iqtisadi xəritəsini cızır. Layihə başa çatdıqdan sonra ölkəmiz nəinki regionda, bütövlükdə Avrasiya nəqliyyat sistemində strateji tranzit mərkəzinə çevriləcək. Bölgə həm dəmiryolu, həm də avtomobil yollarının bağlantısı baxımından hab rolunu oynayacaq.
Azərbaycan bu gün Zəngəzur dəhlizinin tez bir zamanda açılması üçün Azərbaycan dövləti üzərinə düşən bütün vəzifələri icra edir. Azərbaycan dövləti bölgəyə sülh, barış və ədalət gətirir, respublikamız tərəfindən reallaşdırılan işlər bölgədə yeni reallıqlar yaradıb. Sözügedən reallığın mühüm əsas komponentlərindən biri isə təbii ki, Zəngəzur dəhlizinin və digər marşrut xətlərinin açılmasıdır. Yerləşdiyimiz coğrafi bölgənin, bütövlükdə isə Cənubi Qafqazın dinamik templə inkişaf etməsi prosesində Azərbaycanın lider mövqeyi önəmli əhəmiyyət kəsb edir. Horadiz-Ağbənd xəttində aparılan işlər, icra olunan infrastruktur layihələri Zəngəzur dəhlizinin Azərbaycan hissəsinə düşən hissəsinin tez bir zamanda hazır olacağını deməyə ciddi əsas verir.
Mətanət Əliyeva, Sahib Səfərov – Zəngilan
Daha ətraflı süjetdə:







