Dövlət katibinin köməkçisi: ABŞ Azərbaycan iqtisadiyyatının əsas sektorlarına investisiyaları artırmaq niyyətindədir
Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində və ölkə iqtisadiyyatının strateji sektorlarına investisiyaların artırılmasında maraqlıdır.
“TV1” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, enerji sektoru iki ölkə arasında iqtisadi münasibətlərin əsas dayaqlarından biri olaraq qalır.
“Exxon” və “Chevron” kimi şirkətlərimiz neft-qaz sənayesinin mühüm hissəsi olub və tərəfdaşlığımız böyüyərək genişlənir. Biz enerji sektoruna investisiyaları artırırıq, bu təməli daha böyük əməkdaşlıq platformasına çeviririk”, – deyə Kaleb Orr vurğulayıb.
ABŞ rəsmisinin sözlərinə görə, bu həftə ABŞ şirkətləri tərəfindən müxtəlif sahələri əhatə edən 8 milyard dollardan çox dəyərdə sazişlər imzalanıb.
“Bu həftə ABŞ şirkətləri tərəfindən 8 milyard dollardan çox həcmdə sazişlər imzalandı. Bu razılaşmalar təkcə enerji sektorunu deyil, həm də investisiya fondlarının, o cümlədən Apollo kimi qurumların Azərbaycanın enerji sektoruna cəlb olunmasını əhatə edir”, – deyə o bildirib.
Kaleb Orr əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah Marşrutu çərçivəsində yeni infrastruktur dəhlizinin formalaşdırılması nəzərdə tutulur.
“Prezident Trampın vasitəçiliyi ilə əldə edilmiş tarixi sülh razılaşması Beynəlxalq Sülh və Rifah üçün Marşrutu da özündə ehtiva edir. Bu, investisiya yatırdığımız tarixi infrastruktur dəhlizidir”, – deyə ABŞ rəsmisi qeyd edib.
Onun sözlərinə görə, sözügedən dəhliz multimodal xarakter daşıyacaq.
“Bu dəhlizin yalnız sərnişin daşımalarını deyil, həm də enerji və rəqəmsal infrastrukturun inkişafını təmin edəcəyini gözləyirik”, – deyə Kaleb Orr vurğulayıb.
ABŞ Dövlət katibinin köməkçisi bildirib ki, enerji sektoru ikitərəfli iqtisadi münasibətlərin möhkəm təməli olaraq qalır.
“Enerji iqtisadi münasibətlərimizin üzərində qurulduğu çox güclü təməldir. Lakin biz artıq bu çərçivədən daha geniş əməkdaşlığa doğru irəliləyirik. Məhz bu iqtisadi dialoq ABŞ-nin Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ölkə iqtisadiyyatının əsas sektorlarına investisiyaları artırmaq istiqamətində qətiyyətli səylərini nümayiş etdirir”, – deyə Kaleb Orr diqqətə çatdırıb.








