Əvəz Zeynallı azadlığa buraxılıb
Nizami Rayon Məhkəməsi “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyə görə cəza çəkməkdən azad edilməsi barədə qərar verib.
“TV1” xəbər verir ki, bu barədə onun vəkili Rəşad Əliyev məlumat yayıb.
Vəkil bildirib ki, məhkəmə xəstəliyi ilə bağlı onu cəzadan azad edib.
Əvəz Zeynallı məhkəməyə onlayn qoşulub.
Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 511-ci (Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə) maddəsinə əsasən, Əvəz Zeynallını cəzadan azad edib.
Ə.Zeynallı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən azadlığa çıxıb.
Qeyd edək ki, Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.
Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhadətləndirilməyə göndərilməsi barədə qərar verilmişdi. Ə.Zeynallının xəstəliyi ilə bağlı tibbi komissiyadan keçirilməsi, tibbi şəhadətləndirilmənin aparılması Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılmışdı.
Proses qeyri-müəyyən vaxta təxirə salınmışdı.
Qeyd edək ki, bir qədər əvvəl Ə.Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.
Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ali Məhkəmə Ə.Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.