FHN: Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür
Samuxda 4 nəfər Kür çayının rayon ərazisindən keçən hissəsində köməksiz vəziyyətdə qalıb.
“TV1” xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Bir ailənin 4 üzvü Kürün ortasında odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.
Hadisə ilə bağlı FHN-in mətbuat xidmətinin məlumatında bildirilir ki, Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfərin xilas edilməsi məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən birgə xilasetmə tədbirləri həyata keçirilir.
Qeyd edək ki, köməksiz vəziyyətdə qalan şəxslər bir ailənin 4 üzvü – Gədəbəy rayon sakinləri, 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və övladları 2019-cu il təvəllüdü B.Mustafayeva, 2025-ci il təvəllüdlü A.Mustafayevdir.








