Gəncədə peşə məktəbinin həyətində tələbənin meyiti tapılıb
Gəncədə yeniyetmənin meyiti tapılıb.
“TV1” xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb.
Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb. Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-ya bildirilib ki, yanvarın 12-də saat 08:50 radələrində RTTTYM-nə Gəncə şəhərindən təcili çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2008-ci il təvvəllüdlü şəxsin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb.
Ətrafdakıların təkidi ilə saat 09:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya həyata keçirilib. Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı təsdiq olunub və aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir:
“Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb”.
Qeyd olunur ki, bu gün Bayramov Röyal Vüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb:
“Hadisə dərhal qeydə alınıb, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq”.








