Günəşdə partlayışlar çoxalıb
Sent-Endrüz Universitetindən olan alimlər günəş partlayışlarındakı zərrəciklərin əvvəlkindən 6,5 dəfə daha güclü qızdığını müəyyən ediblər. Bu tapıntı təkcə Günəşdəki fizii proseslərlə bağlı təsəvvürü dəyişmir, eyni zamanda az qala yarım əsr ərzində izahsız qalmış müəmmanı aydınlaşdırmağa imkan verir.
“TV1” xəbər verir ki, elmi araşdırmanın nəticələri “The Astrophysical Journal Letters (AJL)” jurnalında dərc olunub.
Günəş partlayışları ulduzun xarici atmosferində plazmanın temperaturunun 10 milyon selsidən yuxarı qalxdığı güclü enerji buraxılışlarıdır. Bu alovlar rentgen və ultrabənövşəyi şüalanma axınını gücləndirir ki, bu da peyklər və astronavtlar üçün təhlükə yaradır, həmçinin Yerin atmosferinin yuxarı qatlarına təsir edir.
Yeni tədqiqat göstərib ki, günəş plazmasının yarısını təşkil edən müsbət yüklü zərrəciklər olan ionlar 60 milyon selsi dərəcəyə qədər qızıb. Bu, maqnit yenidənqurma (maqnit xətlərinin birləşərək böyük miqdarda enerji buraxdığı proses) ilə bağlı müasir məlumatlar əsasında köhnə modellərin yenidən nəzərdən keçirilməsi sayəsində mümkün olub.
Alimlər qeyd edirlər ki, ionların bu cür həddindən artıq qızması günəş alovlarının spektral xətlərinin eni ilə mükəmməl uyğunlaşır. 1970-ci illərdən bəri astronomlar Günəşin rentgen və ultrabənövşəyi şüalanma xətlərinin gözləniləndən daha geniş olmasının səbəbini başa düşə bilmirdilər. Uzun müddət bu, turbulentliklə izah olunurdu, lakin bu fərziyyəni təsdiqləyən inandırıcı sübutlar tapılmamışdı. İndi tədqiqatçılar hesab edirlər ki, xətlərin qeyri-adi eni ionların yüksək temperaturu ilə bağlıdır.