İcbari Tibbi Sığorta üzrə xidmətlər zərfində YENİLİKLƏR
“2025-ci ildə xidmətlər zərfində dəyişikliklərin aparılması planlaşdırılır. Bu məqsədlə cari ildə müvafiq ictimai müzakirələr təşkil edilib”.
“TV1” xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova media nümayəndələri üçün tibbi savadlılıq təlimində deyib.
A.Əhmədova xidmətlər zərfində ediləcək dəyişikliyin 3 istiqamətdə aparılacağını bildirib:
“Xidmətlər zərfi genişləndirilərək yeni xidmətlər əlavə ediləcək. Bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr yer alacaq. Məqsəd tibbi xidmətlərin daha əlçatan olmasını təmin etməkdir. İkinci istiqamətdə dəyişiklik xidmətlərin adlarının daha dəqiq və izahlı şəkildə yazılması ilə bağlı olacaq. Bu dəyişikliklər tibb heyətinin işini asanlaşdıracaq və vətəndaşların tibbi xidmətlər haqqında daha məlumatlı olmasını təmin edəcək. Üçüncü istiqamətdə dəyişiklik bəzi tibbi xidmətlərdə istifadə edilən xüsusi tibbi sərfiyyatın tibbi xidmətə nəzərən nizamlanması ilə bağlı olacaq. Bura beyin və ürək arteriyalarına implantasiya edilən stendlər, dərman ifraz edən və ya etməyən koronar və periferik stendlər, trombolitik maddələr (tromb əridən preparatlar) daxildir”.