“İdrak” liseyindən müəllimin güllələnməsi ilə bağlı AÇIQLAMA
“İdrak” liseyi bu gün təhsil müəssisəsində müəllimin şagirdi tərəfindən güllələnməsi hadisəsi ilə bağlı məlumat yayıb.
“TV1” qafqazinfo-ya istinadən açıqlamanı təqdim edir:
“Liseyimizlə bağlı son hadisə fonunda yaranan narahatlığı anlayırıq və cəmiyyətdə səslənən fikirləri diqqətlə izləyirik. Bildirmək istərdik ki, liseyimizdə təhlükəsizlik tədbirləri daim mövcud olub və tədris prosesi hər zaman nəzarət altında həyata keçirilib.
Baş verən vəziyyət dərhal diqqətə alınıb, mövcud təhlükəsizlik və nəzarət mexanizmləri çərçivəsində idarə olunub. Hazırda da şagirdlərimiz və müəllimlərimizin təhlükəsizliyi tam şəkildə təmin olunur, dərslər normal qaydada davam edir.
Məsələ aidiyyəti qurumların iştirakı ilə araşdırılma mərhələsindədir və proses lisey rəhbərliyinin nəzarətindədir. Valideynlərimizdən xahiş edirik ki, sakitliyi qoruyub saxlasınlar və uşaqların psixoloji durumuna mənfi təsir göstərə biləcək şayiələrə deyil, rəsmi məlumatlara etibar etsinlər. Lisey rəhbərliyi olaraq təhülkəsiz və sağlam təhsil mühiti bizim üçün dəyişməz prioritetdir”.
Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Şəhla Kamilovaya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktla bağlı araşdırma aparılır.








