İndoneziyada torpaq sürüşməsi - 18 nəfər ölüb, 32 nəfər itkin düşüb
İndoneziyanın Mərkəzi Yava əyalətində yaşayış massivində torpaq sürüşməsi azı 18 nəfərin həyatına son qoyub, 32 nəfər itkin düşüb.
“TV1” xəbər verir ki, bu barədə cümə günü yerli hakimiyyət orqanları məlumat yayıb. Ölkənin təbii fəlakətlərlə mübarizə üzrə milli agentliyinin məlumatına görə, bir neçə gün davam edən leysan yağışlarından sonra Pandanarum kəndində torpaq sürüşməsi baş verib və əhali arasında ölənlər olub. Agentliyin nümayəndəsi Abdul Muhari bildirib ki, dünən daha yeddi cəsəd tapılıb, bununla da təsdiqlənmiş ümumi ölü sayı 18-a çatıb.
Onun sözlərinə görə, axtarış-xilasetmə işləri çətin şəraitdə davam edir.
Yerli hakimiyyət orqanları 48 evin dağıldığını, 195 nəfərin zərər çəkdiyini, ümumilikdə 934 sakinin müvəqqəti sığınacaqlara təxliyə olunduğunu bildirib.








