İrandakı etirazlarda ölənlərin sayı 2,5 min nəfəri ötüb - HRANA
ABŞ-da yerləşən HRANA hüquq qrupu çərşənbə günü açıqlayıb ki, İranda baş verən etirazlar nəticəsində ölənlərin sayı 2571 nəfərə çatıb. Bildirilib ki, İslam Respublikasının ruhani rəhbərliyi son illərin ən böyük ictimai narazılıq dalğası ilə üz-üzə qalıb.
“TV1” xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü iranlılara müraciət edərək etirazlarını davam etdirməyə çağırıb və “yardım yoldadır” olacağını bildirib. Buna cavab olaraq İran rəsmiləri ABŞ və İsraili ölkədə zorakılığı qızışdırmaqda ittiham edib, baş verən ölümlərə görə isə xaricdən təlimat alan “terrorçuları” məsuliyyətli saydıqlarını açıqlayıblar.
HRANA qrupunun məlumatına görə, indiyədək 2403 etirazçının, hökumətlə əlaqəli 147 şəxsin, 18 yaşından aşağı 12 nəfərin və etirazlarda iştirak etməyən 9 mülki şəxsin ölüm faktı təsdiqlənib.
İran rəsmisi isə çərşənbə axşamı günü təxminən 2000 nəfərin həlak olduğunu bildirib. Bu, hakimiyyətin iki həftədən artıq davam edən ölkə miqyaslı iğtişaşlarda ümumi ölüm sayını ilk dəfə rəsmi şəkildə açıqlaması kimi qiymətləndirilir.
“Yardım yoldadır” ifadəsi ilə nəyi nəzərdə tutduğu barədə sualı cavablandıran Donald Tramp nə baş verəcəyinin hər kəsə məlum olduğunu deyib.
O, İranı cəzalandırmaq məqsədilə hərbi əməliyyatların mümkün variantlar sırasında nəzərdən keçirildiyini bildirib.
Qeyd olunur ki, ağır iqtisadi vəziyyətin yaratdığı iğtişaşlar son azı üç il ərzində İran hakimiyyəti üçün ən ciddi daxili çağırışlardan biri hesab olunur. Bu proses ötən il İsrail və ABŞ-ın hücumlarından sonra beynəlxalq təzyiqlərin artdığı bir dövrə təsadüf edir.








