İtaliyada güclü fırtına - Leysan, dolu və tornadolar ölkənin şimalını iflic edib

media-ads_728_90

İtaliyada yenidən əlverişsiz hava şəraiti hökm sürür. Xüsusilə ölkənin şimalındakı Toskana, Veneto və Lombardiya bölgələri güclü leysan yağışları, iri dolu və tornadoların təsiri altına düşüb. Qısa müddət ərzində yollar su və buzla örtülərək əsl çaylara çevrilib.

“TV1” xəbər verir ki, təkcə Toskananın Massa şəhərində üç saat ərzində 100 millimetrdən çox yağıntı düşüb.

Bu, normal şəraitdə həmin əraziyə bir ay ərzində yağan yağışın həcminə bərabərdir.

Toskana bölgəsinin müxtəlif hissələrində bir neçə tornado müşahidə olunub. Piza vilayətində yerləşən Empoli, Vinçi və Kaşina ətrafı təbii hadisədən zərər çəkən ərazilər arasındadır. Sosial şəbəkələrdə yayılan görüntülərdə qara burulğanlar və güclü külək qasırğaları əks olunub. Leysanlar nəticəsində yollar və dəmir yolu keçidləri su altında qalıb.

Veneto bölgəsində də hava şəraiti qəfil pisləşib. Səma qısa müddətdə qaralıb və dolu yağmağa başlayıb. Güclü dolu nəticəsində evlərin damları zədələnib, pəncərələr sınıb, park edilmiş avtomobillər zərər görüb. İnsanlar dolunun gurultusu altında təşviş içində sığınacaq axtarmağa məcbur olublar.

Milanın şimalında yerləşən Cizlaqo qəsəbəsində isə küçələr yağan dolunun səbəbindən qış mənzərəsini xatırladıb. Bəzi ərazilərdə yollardakı buz və dolu qatını təmizləmək üçün qar təmizləyən texnikadan istifadə olunub. Sakinlər avtomobilləri və səkiləri qar kürəkləri ilə təmizləyiblər. Komo və Luraqo d’Erba şəhərləri də güclü doludan ciddi zərər görüb.

Meteoroloqlar bildirirlər ki, İtaliyanın şimalında iri dolu dənələrinin yaranmasının əsas səbəbi bölgənin unikal coğrafi mövqeyidir. İsti və rütubətli Aralıq dənizi havası Alp dağları ilə toqquşaraq çox güclü atmosfer prosesləri yaradır. Bildirilir ki, yağan dolu dənələrindən bəzilərinin diametri 19 santimetrə çatıb.

İtaliya hakimiyyəti vəziyyəti ciddi nəzarətdə saxlayır və bir sıra bölgələrdə hava ilə bağlı xəbərdarlıqlar elan edilib. Mütəxəssislər yaxın günlərdə də güclü leysan, iri dolu və lokal tornadoların davam edə biləcəyini bildirirlər. Zərərçəkən bölgələrin turistlər arasında populyar olması isə vəziyyəti daha da mürəkkəbləşdirir.

media-ads_728_90
Paylaş