Kahramanmaraşda 9 nəfəri öldürən yeniyetmənin polis rəisi olan atası HƏBS EDİLDİ

media-ads_728_90

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insidentlə bağlı istintaq çərçivəsində hücumu törədən İ.A.M.-nin atası U.M. həbs edilib.

“TV1” xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Baş İdarəsi açıqlama yayıb.

Bildirilib ki, aparılan ilkin araşdırmalar zamanı şübhəlinin vatsap profilində 2014-cü ildə ABŞ-də hücum həyata keçirən Elliot Rocerə istinad edən şəkildən istifadə etdiyi müəyyən olunub.

Qeyd olunub ki, hadisədə istifadə olunan silahların sahibi, silahlı hücum edən şəxsin atası – birinci dərəcəli polis rəisi olan U.M. aprelin 15-də saxlanılıb. O, daha sonra məhkəmənin qərarı ilə həbs edilib.

Vurğulanıb ki, şübhəlinin yaşadığı evdə və atasına məxsus avtomobildə aparılan axtarışlar zamanı əldə edilən rəqəmsal materiallar müsadirə olunaraq araşdırmaya cəlb edilib.

Rəsmi məlumata görə, hadisə yerində istintaq tədbirləri tamamlanıb, kamera görüntüləri də daxil olmaqla, bütün sübutlar diqqətlə təhlil olunur.

İlkin nəticələrə əsasən, hadisənin terror təşkilatları ilə əlaqəsi aşkarlanmayıb və insident fərdi hücum kimi qiymətləndirilir.

İstintaqın davamında yeniyetmənin anası, Anadolu liseyində türk dili və ədəbiyyatı müəllimi işləyən P.P.M. də nəzarətə götürülüb.

Xatırladaq ki, 14 yaşlı İ.A.M. atasına məxsus 5 tapança və 7 dolu daraqla orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirəndən sonra intihar edib.

Qeyd edək ki, Kahramanmaraş valisi Mükerrem Ünlüer də hadisənin təfərrüatları ilə bağlı açıqlamasında yeniyetmənin atasına məxsus xidməti silahlardan istifadə etdiyini təsdiqləyib.

media-ads_728_90
Paylaş