Naxçıvanda kütləvi zəhərlənmə olub

media-ads_728_90

Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

“TV1” xəbər verir ki, 7 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Qasımova Aysun Elkən qızına məxsus “Kassap dönər” adlı dönərxanada Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.

Şübhəli məhsul hesab edilən mayonez və toyuq dönərindən, həmçinin səthlərdən yaxma nümunələri seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsilə yeddi nəfər yerləşdirilib. Bu barədə Mərkəzin həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar: “Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb”.

Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli “fastfood” qidaların istehlakı olub. /report/

media-ads_728_90
Paylaş