Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

media-ads_728_90

Bu gün Neftçala rayonu ərazisində, Kür çayının Xəzər dənizi ilə qovuşduğu hissədə nərəkimilər fəsiləsinə aid 400 min ədəd balıq körpəsi təbii mühitə buraxılıb.

“TV1” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, balıq körpələrinin təbii su hövzələrinə buraxılması proqramı çərçivəsində dövlət-özəl tərəfdaşlığı əsasında və dövlətə məxsus “Xıllı Balıq” MMC-nin iştirakı ilə balıqların Xəzər dənizinə buraxılması prosesi həyata keçirilib.

Ümumilikdə, Azərbaycanın su hövzələrində balıq ehtiyatlarının artırılması və biomüxtəlifliyin qorunması məqsədilə cari ildə 600 min ədəd, çəkisi 2–10 qram olan nərə cinsli balıq körpəsi təbii mühitə buraxılıb.

Qeyd edək ki, ekoloji aksiyaya 22 may – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada 2 min ədəd nərə cinsli balıq körpəsinin Xəzər dənizinə buraxılması ilə start verilib.

Həyata keçirilən tədbirlərin əsas məqsədi nəsli kəsilməkdə olan nərə cinsli balıq ehtiyatlarının bərpasına dəstək vermək, ekoloji tarazlığı qorumaq və su hövzələrinin biomüxtəlifliyinin daha da zənginləşdirilməsinə töhfə verməkdir.

media-ads_728_90
Paylaş