Bakıda qadın güllələnib, klinika direktoru olan əri saxlanılıb - YENİLƏNİB
Bakıda şəxsin silahdan açılan atəş nəticəsində xəsarətlər alması faktına görə cinayət işi başlanıb.
“TV1” apa-ya istinadən xəbər verir ki, bu barədə Yasamal rayon prokurorluğu məlumat yayıb. Məlumata görə, iyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
15:24 ———————————————————————————————————————————————-
Bakıda kişi arvadını güllələyib.
“TV1” lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Yasamal rayonunda qeydə alınıb.
38 yaşlı Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşına o tüfəngi ilə xəsarət yetirib.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Polis V.Kərimovu saxlayıb, hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.