Professor: Klassik ədəbiyyat biznes təhsilinin strateji komponentinə çevrilməlidir
Dünyada rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının sürətli inkişafı və qlobal iqtisadiyyatda qeyri-müəyyənliyin artması biznes təhsilinə yanaşmanı da dəyişir. Müasir dövrdə şirkətlər və dövlət qurumları yalnız peşəkar menecerlərə deyil, mürəkkəb şəraitdə strateji qərarlar qəbul etməyi, insan psixologiyasını anlamağı və etik məsuliyyət daşımağı bacaran liderlərə ehtiyac duyurlar. Bu səbəbdən dünyanın aparıcı biznes məktəblərində klassik ədəbiyyat liderlik və idarəetmə təhsilinin mühüm tərkib hissəsinə çevrilməkdədir.
“TV1” xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov AZƏRTAC-A açıqlamasında bildirib.
Professorun sözlərinə görə, son illərdə “Harvard Business School”, “Stanford Graduate School of Business”, “Yale”, “Oxford”, “Cambridge” və digər nüfuzlu ali məktəblərdə klassik ədəbiyyat əsərləri liderlik, biznes etikası, təşkilati davranış və strateji idarəetmə kurslarında geniş tətbiq olunur. Burada əsas məqsəd tələbələrə yalnız biznes alətlərini öyrətmək deyil, onların analitik düşüncə, etik qərarvermə, emosional intellekt və insan davranışını dərk etmək bacarıqlarını inkişaf etdirməkdir.
Zahid Məmmədov qeyd edib ki, biznes yalnız maliyyə göstəricilərinin idarə olunması deyil, ilk növbədə insanın idarə olunmasıdır.
“Bu gün süni intellekt böyük verilənləri saniyələr ərzində təhlil edir, maliyyə modelləri qurur, riskləri hesablayır və bazar proqnozları hazırlayır. Lakin heç bir alqoritm vicdanı, empatiyanı, etik seçimi və insan xarakterini tam qiymətləndirə bilmir. Məhz buna görə klassik ədəbiyyat biznes təhsilində yenidən aktuallaşır. Çünki ədəbiyyat insanı öyrədir, biznes isə insanla işləmək sənətidir”, – deyə professor bildirib.
Onun sözlərinə görə, Nikolay Qoqolun “Ölü canlar” əsəri saxta iqtisadi dəyərin və formal göstəricilər üzərində qurulan idarəetmə modelinin təhlükələrini göstərir. Müasir dövrdə də bəzi təşkilatlarda əsas məqsəd real nəticə yaratmaq deyil, yalnız hesabat, reytinq və statistik göstəricilər formalaşdırmaq olur. Halbuki iqtisadiyyatın əsas missiyası real dəyər yaratmaqdır.
Professor bildirib ki, Fyodor Dostoyevskinin əsərləri isə davranış maliyyəsinin və risklərin psixoloji əsaslarının öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Yazıçının qəhrəmanları qorxu, tamah, ehtiras və emosiyalar əsasında qərarlar qəbul edirlər ki, bu da müasir davranış iqtisadiyyatının əsas tədqiqat istiqamətlərindən biridir.
Lev Tolstoyun “Hərb və Sülh” romanı strateji idarəetmə, uzunmüddətli planlaşdırma və qeyri-müəyyən şəraitdə qərarvermə baxımından aktual dərslər təqdim edir. Şekspirin “Hamlet”, “Maqbet” və “Kral Lir” faciələri isə korporativ idarəetmə, liderlik, informasiya şəffaflığı, etik məsuliyyət və varislik planlaşdırılması kimi məsələləri bədii formada izah edir.
Z.Məmmədov hesab edir ki, Azərbaycan klassik ədəbiyyatı da biznes təhsilinin inkişafı üçün zəngin intellektual potensiala malikdir.
“Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsəri sahibkarlıq düşüncəsini, Mirzə Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri formalizm və institusional tənəzzülü, Cəfər Cabbarlının “Almaz”ı dəyişikliklərin idarə olunmasını, “Aydın”ı isə etik liderliyi öyrədir. Üzeyir Hacıbəylinin əsərlərində isə reputasiya, sosial kapital və danışıqlar mədəniyyəti kimi müasir biznes üçün vacib anlayışlar əksini tapır”, – deyə professor bildirib.
Professorun fikrincə, Azərbaycan universitetlərində biznes və iqtisadiyyat proqramlarına “Ədəbiyyat və liderlik”, “Klassik əsərlərdə idarəetmə”, “Biznes etikası və bədii düşüncə”, “Liderlik psixologiyası” kimi fənlərin və ya modulların daxil edilməsi gələcəyin rəhbərlərinin daha yüksək səviyyədə hazırlanmasına imkan verə bilər.
Onun sözlərinə görə, bu yanaşma Azərbaycanın insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin məqsədləri ilə də üst-üstə düşür.
Professor xatırladıb ki, Prezident İlham Əliyev çıxışlarının birində “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” fikrini səsləndirərək ölkənin uzunmüddətli inkişafında insan kapitalının həlledici rolunu xüsusi vurğulayıb.
Zahid Məmmədov hesab edir ki, insan kapitalı yalnız peşə bilikləri ilə formalaşmır. “İnsan kapitalı analitik düşüncə, etik məsuliyyət, geniş dünyagörüşü, yüksək emosional intellekt və strateji baxış deməkdir. Klassik ədəbiyyat bu keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır. Buna görə də biznes təhsili yalnız maliyyə, marketinq və menecmentdən ibarət olmamalıdır. O, eyni zamanda insanı və cəmiyyəti anlamağı öyrətməlidir”, – deyə professor vurğulayıb.
Professor qeyd edib ki, Prezident İlham Əliyev təhsil sahəsi ilə bağlı çıxışlarında dəfələrlə savadlı və bilikli cəmiyyətin formalaşdırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Onun fikrincə, universitetlər də məhz bu strateji hədəfə uyğun olaraq yeni təhsil modelləri formalaşdırmalıdır.
Sonda Z.Məmmədov bildirib ki, gələcəyin uğurlu lideri yalnız maliyyə hesabatlarını oxumağı bacaran şəxs deyil, insan xarakterini, etik məsuliyyəti, sosial münasibətləri və mürəkkəb prosesləri düzgün qiymətləndirə bilən rəhbər olacaq.
“Texnologiyalar dəyişir, biznes modelləri dəyişir, bazarlar dəyişir. Dəyişməyən isə insandır. İnsanı ən yaxşı öyrədən məktəb isə klassik ədəbiyyatdır. Məhz buna görə klassik ədəbiyyat keçmişin mirası deyil, gələcəyin biznes liderləri üçün strateji intellekt məktəbidir”, – deyə professor Zahid Məmmədov əlavə edib.








