Rusiyada azərbaycanlı iş adamlarına qarşı daha bir həbs dalğası - Dörd nəfər saxlanılıb

media-ads_728_90

Rusiyada azərbaycanlı diaspor nümayəndələri və biznesmenlərə qarşı təzyiqlər davam edir.

“TV1” KONKRET.az-a istinadən xəbər verir ki, bu dəfə Leninqrad vilayətində azərbaycanlı iş adamları Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Arastun Talıbov polis rəsmilərinə rüşvət verməkdə ittiham olunaraq həbs olunublar.

İstintaqın məlumatına görə, Rusiya İstintaq Komitəsi saxlanılan şəxsləri qeyri-qanuni sahibkarlıq fəaliyyətinə göz yuman yerli polis rəhbərliyinə ümumilikdə 3,7 milyon rubl məbləğində rüşvət verməkdə ittiham edir.

Hadisələr FSB tərəfindən 128-ci polis şöbəsinin rəhbəri, polkovnik-leytenant Sergey Korotkovun saxlanılması ilə başlayıb. Daha sonra 87-ci və 97-ci polis bölmələrinin rəhbərləri Romen Kamerzanov və Aleksey Peremibeda da rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

İttihama əsasən, azərbaycanlı iş adamları qaçaqmalçılıq yolu ilə gətirilən alkoqol və tütün məhsullarının satışı, eləcə də qanunsuz miqrant əməyindən istifadədə şübhəli bilinirlər.

Həbsdə olan Asif Allahverdiyev məhkəmədə günahsızlığını bəyan edərək bildirib:

“Ümumiyyətlə başa düşmürəm, mən buraya necə düşdüm. Nə baş verdiyini də anlaya bilmirəm.”

Onun sözlərinə görə, yalnız V.Orucov ilə tanışdır və həmin şəxs onun biznes tərəfdaşıdır.

media-ads_728_90
Paylaş