Sabunçuda xalasının azyaşlıya işgəncə verməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
Daxili İşlər Nazirliyi Sabunçuda işgəncəyə məruz qaldığı iddia edilən azyaşlı ilə bağlı araşdırmalara başlayıb.
“TV1” xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma aparılır.
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, azyşalının zorakılığa məruz qalması barədə qonşular məlumat veriblər:
“Uşağın atası və anası vəfat edib, xalası ilə yaşayır. Artıq polis əməkdaşları ilə də əlaqə saxlanılıb. Rayon icra hakimiyyətinin nümayəndələri, polis əməkdaşları hazırda hadisə yerinə gedirlər. Ətraflı məlumat veriləcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, faktla bağlı araşdırma aparılır:
“Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb. Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə digər məlumatlar araşdırma gedişatında bəlli olacaq”.