Şair Məmməd İsmayıl vəfat edib
Şair Məmməd İsmayıl vəfat edib.
“TV1” xəbər verir ki, şair bir neçə il müxtəlif xəstəliklərdən əziyyət çəkib.
O, Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dəfn olunacaq.
Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.
1966–1973-cü illərdə “Azərbaycan Dövlət Radio və Televiziya” komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1976–1980-ci illərdə “C.Cabbarlı adına Azərbaycanfilm” studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, eləcə də digər ədəbi-mədəni idarələrdə müxtəlif vəzifələrdə çalışıb.
Məmməd İsmayıl son illərdə səhhəti ilə bağlı bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Sonuncu dəfə bir neçə gün öncə xəstəxanalardan birinə yerləşdirilən şair vəfat edənə qədər orada müalicə alıb.