Şəmkirdə kütləvi zəhərlənmə ilə bağlı restoranın fəaliyyəti dayandırılıb, araşdırma aparılır - YENİLƏNİB
Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.
“TV1” xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Məlumata görə, AQTA-ya daxil olan məlumata əsasən, şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar.
Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən “Narın Qala” restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
10:14
İyulun 15-də saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“TV1” xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
“Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb”, məlumatda deyilir.
Həmin şəxslər rayon ərazisində yerləşən restoranda keçirilən məclisdə salatdan zəhərləniblər.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.








