Sosial yardım nə qədər artacaq? - Detallar açıqlandı
Milli Məclis “Yaşayış minimumu haqqında” Qanunu qəbul edib. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə də şəxslər üçün yeni qida normaları təsdiq ediləcək.
“TV1” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşımında bildirib.
O qeyd edib ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi:
“Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq. Eyni zamanda, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibinin bu il müəyyənləşərək təsdiq olunacağı gözlənilir. Qeyd edib ki, bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Nəticədə, ehtiyac meyarının artırılması sosial yardım məbləğinin də yüksəlməsinə imkan verəcək. Çünki, o meyar nə qədər çox artırsa dövlət büdcəsindən sosial yardıma o qədər çox vəsait ayrılır. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir”, – deyə deputat qeyd edib.