Strateji yol xəritəsinin siyasi manifesti - ŞƏRH

media-ads_728_90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin yekunları və qarşıdakı dövrün prioritetləri ilə bağlı yerli televiziya kanallarına verdiyi müsahibə təkcə hesabat xarakteri daşımır, eyni zamanda ölkənin yeni geosiyasi mərhələyə keçidinin konseptual izahı kimi çıxış edir. Bu müsahibə son illərdə formalaşan reallıqların sistemli təhlili, dövlətin strateji baxışının açıq şəkildə ifadəsi və Azərbaycanın regional-qlobal mövqeyinin təsdiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

İlham Əliyevin müsahibəsində əsas vurğulanan məqamlardan biri Ermənistan-Azərbaycan münaqişəsinin artıq həm hərbi, həm də siyasi müstəvidə başa çatmasıdır. Dövlət başçısının ifadə etdiyi kimi, 2025-ci il məhz bu baxımdan tarixi il kimi dəyərləndirilə bilər. Azərbaycan döyüş meydanında qazandığı Qələbəni beynəlxalq siyasi platformada da təsdiqləmiş, münaqişəyə dünyanın aparıcı güc mərkəzlərinin iştirakı ilə nöqtə qoyulmuşdur.

media-444

Bu əslində postmünaqişə dövrünün mahiyyətini izah edir: Azərbaycan artıq müharibə ilə yox, sülhün yaratdığı imkanlarla inkişaf edən dövlətdir. Prezidentin “sülh şəraitində yaşamağı öyrənirik” fikri uzun illər müharibə şəraitində formalaşmış dövlət və cəmiyyət üçün yeni mərhələnin başladığını göstərir.

Azərbaycan–ABŞ münasibətlərində dönüş nöqtəsi

Azərbaycan-Amerika münasibətlərində baş verən köklü dəyişikliklər müsahibədə xüsusi yer ayrılan mövzulardan biridir. İlham Əliyev uzun illər ikitərəfli münasibətlərə mənfi təsir göstərmiş 907-ci düzəlişin faktiki olaraq aradan qaldırılmasını təkcə hüquqi deyil, siyasi-simvolik hadisə kimi qiymətləndirir.

Burada diqqətçəkən məqam dövlət başçısının məsələni tarixi kontekstdə təqdim etməsidir. 907-ci düzəlişin ədalətsiz mahiyyəti, həmin dövrdə Azərbaycan diplomatiyasının zəifliyi və erməni lobbiçiliyinin təsiri açıq şəkildə təhlil olunur. Bununla yanaşı, Tramp administrasiyası dövründə münasibətlərin praqmatik əsasda yenidən qurulması Azərbaycanın dəyişən geosiyasi çəkisinin göstəricisi kimi təqdim edilir. Strateji İşçi Qrupunun yaradılması və strateji tərəfdaşlıq xartiyasının hazırlanması iki ölkə arasında münasibətlərin institusional mərhələyə keçdiyini göstərir.

“Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin. Əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də yerinə yetirməyəcəkdik”.

media-konqres

Çoxvektorlu xarici siyasət və qlobal balans

Prezidentin çıxışında Azərbaycanın xarici siyasət kursunun əsas xüsusiyyəti – balanslaşdırılmış və müstəqil xarakteri bir daha təsdiqlənir. Çinlə hərtərəfli strateji tərəfdaşlıq, D-8 təşkilatına üzvlük, Mərkəzi Asiya Məşvərət Şurasında tamhüquqlu iştirak Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir.

“Təkcə onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq”.

Xüsusilə Çinlə əməkdaşlıq kontekstində iqtisadi, nəqliyyat, energetika və hərbi-texniki sahələrdə yeni mərhələnin başlanması Azərbaycanın Orta Dəhlizdəki rolunu daha da gücləndirir. Azərbaycan burada sadəcə tranzit ölkə deyil, marşrutları formalaşdıran və istiqamətləndirən əsas aktor kimi çıxış edir.

“Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər”.

media-cinn

Zəngəzur dəhlizi: geosiyasi layihədən reallığa

Müsahibənin strateji məzmunlu hissələrindən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Prezident İlham Əliyevin bu layihəni artıq “həll olunmuş məsələ” kimi təqdim etməsi onun yalnız regional deyil, beynəlxalq əhəmiyyət daşıdığını göstərir.

Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni bərpa etməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yeni logistik imkanlar yaradır. Bu layihənin Ermənistan üçün də iqtisadi fayda gətirəcəyi xüsusi vurğulanır ki, bu da Azərbaycanın məsələyə praqmatik və konstruktiv yanaşmasını nümayiş etdirir.

“Bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Bu bölgəni Azərbaycanın digər bölgələri ilə, – Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti ilə əlaqələndirməklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf olunan vaxt qısalacaq. Hamımız yaxşı bilirik ki, insanlar adətən yaşadıqları bölgələrdə yaşayırlar. Ancaq o bağlantılar – dəmir yolu, avtomobil yolları olan zaman, gələcəkdə hava yollarının istifadəsi ilə insanlar da ölkə daxilində miqrasiya edə bilərlər. Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün, məsələn Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq.”

media-zengezur

Güc faktoru və təhlükəsizlik fəlsəfəsi

Prezidentin “bugünkü dünyada beynəlxalq hüquq yox, güc, əməkdaşlıq və müttəfiqlik var” tezisi müasir beynəlxalq münasibətlərin reallıqlarını açıq şəkildə ifadə edir. Bu kontekstdə Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə hərbi təlimlərin təşviqi Azərbaycanın təhlükəsizlik baxışının regional inteqrasiyaya əsaslandığını göstərir.

Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan gücdən istifadə etmə imkanına malik olsa da, onu məsuliyyət və siyasi uzaqgörənlik çərçivəsində tətbiq etdiyini açıq şəkildə bəyan edir.

media-tdt-bayraqlar

İqtisadi dayanıqlılıq və sosial məsuliyyət

Müsahibədə iqtisadi göstəricilər sadəcə statistik rəqəmlər kimi deyil, sosial siyasətin maliyyə bazası kimi təqdim olunur. Xarici borcun minimum səviyyəyə endirilməsi, böyük valyuta və qızıl ehtiyatları, müsbət kredit reytinqləri Azərbaycanın iqtisadi müstəqilliyini təsdiqləyir.

Eyni zamanda sosial islahatlar, maaş və pensiyaların artırılması, şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısı Prezidentin vurğuladığı əsas prinsipə – “siyasətin mərkəzində vətəndaş dayanır” tezisinə tam uyğundur.

media-iqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzur: bərpadan dirçəlişə

Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı infrastruktur layihələri artıq təkcə bərpa deyil, yeni yaşayış modelinin qurulması mərhələsinə keçidi göstərir. Yol, enerji, su və sosial infrastruktur layihələri bölgənin uzunmüddətli inkişaf strategiyasına əsaslanır.

Prezidentin keyfiyyətə üstünlük verilməsi, tələskənliyə yol verilməməsi ilə bağlı mövqeyi Qarabağ quruculuğunun planlı və dayanıqlı xarakter daşıdığını göstərir.

Prezidentin müsahibəsi Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı dövlətçilik fəlsəfəsinin, xarici və daxili siyasət prioritetlərinin sistemli təqdimatıdır. Bu müsahibə bir daha göstərir ki, Azərbaycan artıq hadisələrin təsiri altında olan deyil, prosesləri formalaşdıran, təşəbbüs göstərən və regional gündəliyi müəyyən edən dövlətdir.

Bu baxımdan müsahibə təkcə ilin yekunu deyil, eyni zamanda Azərbaycanın gələcək onilliklər üçün müəyyən etdiyi strateji yol xəritəsinin siyasi manifesti kimi dəyərləndirilə bilər.

İlahə Əhmədova

media-ads_728_90
Paylaş