Tibbi qeydiyyat sənədləşməsinin elektronlaşdırılması mütləqdir - RƏSMİ
“Tibbi qeydiyyat sənədləşməsinin elektronlaşdırılması mütləqdir”.
“TV1” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev bu gün “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
O bildirib ki, müasir rəqəmsallaşma ilə ayaqlaşmaq lazımdır:
“Səhiyyə Nazirliyi də bu istiqamətdə ciddi layihələr hazırlayır və yaxın zamanda təqdimatı nəzərdə tutulur”.
“Ümid edirəm ki, qarşıdakı il ərzində əmək qabiliyyətinin olmaması vərəqi və ya epikrezlər, digər şəhadətnamələrlə yanaşı, tibbi sənədləşmənin də elektronlaşdırılması mümkün olacaq”, – deyə o əlavə edib.
O bildirib ki, tibb müəssisələrinin akkreditasiya olunması ilə bağlı noyabr ayında mərkəz yaradılıb, ştat formalaşdırılır, aktiv işlər görülür.
“Təsdiq olunan tibb müəssisələrinin akkreditasiya qaydalarının dəyişikliyi gündəmdə idi və artıq layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunub. Layihənin təkmilləşdirilməsi yaxın zamanda baş verdikdən sonra növbəti ildə tibb müəssisələrinin akkreditasiyası, keyfiyyətə nəzarət mərkəzinin fəaliyyətini görəcəyik”, – deyə o vurğulayıb.