Ukraynada 28 yaşlı azərbaycanlı öldürülüb - FOTO/VİDEO
Avqustun 31-də Ukraynanın Kiyev vilayətində (Fastiv şəhəri – red.) azərbaycanlı etnik zəmində öldürülüb.
“TV1” xəbər verir ki, hücum edən şəxs keçmiş hərbçi olub.
O, ticarətlə məşğul olan iki azərbaycanlıdan mal almaq istəyib. Hücum edən şəxs hərbçi olduğunu deyib və ucuz alış-veriş etmək istədiyini söyləyib.
Silahlı şəxs azərbaycanlıları təhqir edərək, “mən döyüşüb sizi qoruyuram” deyib. Bundan sonra isə onların arasında sözlü dava başlayıb. Hərbçi olduğunu iddia edən şəxs evinə gedərək, silahını götürüb və azərbaycanlıların olduğu yerə təkrar qayıdaraq onlara silahı ilə atəş açmağa başlayıb.
Qeyd edək ki, ticarətlə məşğul olan iki azərbaycanlı ata və oğul olublar. Oğul – 28 yaşlı İsmayıl Rəhimov Fərman oğlu – elə hadisə yerində həyatını itirib. Ata isə sağ qalıb.
Baş verən hadisə ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən hər hansı rəsmi məlumat verilməyib. Baxmayaraq ki, baş vermiş hadisə Ukraynada yaşayan azərbaycanlıları çox ciddi narahat edir.
TV1