Xocalı soyqırımı - İnsanlıq tarixinin qanlı səhifəsi

media-ads_728_90

XX əsrin sonlarına yaxın Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.

“TV1” xəbər verir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Xocalıya qədər ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. Hələ faciədən dörd ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan Xocalıya gedən bütün avtomobil yolları bağlanmış və şəhər faktiki olaraq mühasirəyə alınmışdı. Yanvarın 2-dən Xocalıya elektrik enerjisi də verilmirdi və bu yaşayış məntəqəsinin Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmişdi, yeganə nəqliyyat vasitəsi yalnız helikopter idi.

1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 helikopter Xəlfəli kəndinin üzərində Xankəndi tərəfindən atılan raketlə vuruldu, içərisindəki 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi.

1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürüldü, onlarla insan yaralanıb və əsir götürüldü. Həmin il fevralın 17-də Ermənistan silahlı qüvvələrinin və keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının Xocavənd rayonunun Qaradağlıda törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub. 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 91 nəfəri qətlə yetirilib. Bu, Xocalı soyqırımına aparan yolun başlanğıcı idi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, piyadaların 9 döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Xocalıdakı özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər vuruşaraq düşmənə ciddi müqavimət göstərdilər.

Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu. Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil) 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.2024-cü il fevralın 21-də işğaldan azad olunmuş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlanıb. Bu və çoxsaylı digər faktlar sübut edir ki, azərbaycanlı əhaliyə qarşı amansız soyqırımı törədilib. Bunlar bir daha göstərir ki, bu qətliam erməni millətçilərinin  xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn tələblərinin pozulmasıdır.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub. Bütün bunların nəticəsidir ki, indiyədək 18 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub. Xocalı soyqırımı günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.

Xalqımız 34 ildir ki, bu qanlı cinayətin – Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.  Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız azaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri və bütövlükdə Qarabağ ərazisi separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Xocalı şəhidlərinin qisası alınıb, onların qanı yerdə qalmayıb.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub. Sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün şəhərdə müasir standartlara uyğun evlər tikilib, infrastruktur yenilənib, məktəb, bağça, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə verilib. Eyni zamanda, ərazidə məşğulluğun təmin edilməsi üçün müxtəlif iqtisadi və sosial layihələr həyata keçirilir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı döyüş meydanında Azərbaycan əsgərinin qarşısında aciz qalan düşmən hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Müharibə başa çatsa da, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gəlsə də, erməni vəhşiliyini, 33 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımını heç vaxt unutmaq olmaz.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 2025-ci il fevralın 25-də Sərəncam imzalayıb.Azad Xocalı indi özünün yeni, çiçəklənən dövrünü yaşayır. 34 il əvvəl şəhid düşən soydaşlarımızın qanı tökülən ata-baba yurdumuz indi yeni həyatını yaşayır.

Biz yeni reallıqlar dövrünə qədəm qoysaq da, bədnam qonşularımıza birgəyaşayış siyasətini təbliğ etsək də, keçmişimizi heç zaman unutmamalıyıq. Mənəvi dəyərlərimiz düşməni bağışlamağa imkan versə də, erməni millətçilərinin etdiklərini untmaq olmaz. Əgər xalq öz keçmişini unudursa ağrılı günlərini təkrar yaşayır. Odur ki, yaxın tariximizin Xocalı faciəsi yaddaşlardan silinməyən, sızlayan yaramızdır.

Mətanət Əliyeva 

media-ads_728_90
Paylaş